AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Çox hörmətli Heydər Əlirza oğlu Əliyevin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladım.
Qırğızıstanda Heydər Əlirza oğlunu müstəqil Azərbaycanın təşəkkülünə və inkişafına misilsiz töhfə vermiş görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi kimi yaxşı tanıyırdılar.
Onun rəhbərliyi ilə Azərbaycan Respublikası müstəqil inkişaf yolunda böyük uğurlar qazanmış, dünya birliyinin tanınmış və hörmətli üzvü olmuşdur. Heydər Əlirza oğlu özünün bütün istedad və müdrikliyini, Vətənə məhəbbətini, əməksevərliyini və fədakarlığını Azərbaycanın tərəqqisi işinə həsr etmişdir.
Heydər Əlirza oğlu bizim xatirəmizdə bütün ömrünü öz Vətəninə xidmətə həsr etmiş görkəmli siyasətçi kimi, Azərbaycan xalqının sədaqətli oğlu kimi qalacaqdır.
Hörmətli İlham Heydər oğlu, əvəzsiz itki ilə əlaqədar Qırğızıstan xalqı adından və şəxsən öz adımdan Sizə, ailənizə və qardaş Azərbaycanın bütün xalqına dərin hüznlə başsağlığı verirəm.
Hörmətlə,
Əsgər Akayev,
Qırğızıstan Respublikasının Prezidenti
Bişkek, 13 dekabr 2003-cü il.