AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Çoxdankı dostluq telləri ilə bağlandığım atanızın, Prezident Heydər Əliyevin vəfatı xəbərini böyük sarsıntı və kədər hissi ilə aldım.
Bu ağır sınaq günündə Fransa xalqı adından və eləcə də şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm.
Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim.
Arzu edirəm ki, Minsk qrupu həmsədrlərinin dəstəyi ilə onun səyləri davam etdirilsin və uğurla nəticələnsin. Sizə məlumdur ki, bu işdə Siz həmişə Fransanın dəstəyinə əmin ola bilərsiniz.
Atanızın yolunun davam etdirilməsində böyük cağırışlarla üzləşəcəksiniz. Mən xüsusilə də Prezident Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra cəsarətlə həyata keçirdiyi siyasi islahatları nəzərdə tuturam. Şübhə etmirəm ki, Siz var qüvvənizlə onun yolunu davam etdirəcəksiniz və Azərbaycanı demokratiya və hüquqi dövlət yolu ilə irəli aparacaqsınız.
Bir daha Sizə başsağlığı ifadə edərək, Sizə dərin hörmət və ehtiramımı bildirirəm.
Jak Şirak,
Fransa Respublikasının Prezidenti
13 dekabr 2003-cü il