AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar Sizinlə və bütün Azərbaycan xalqı ilə birlikdə dərindən kədərlənirik. Onun bütün həyat yolu Vətənə və xalqa fədakarcasına xidmətə həsr edilmişdir. Onun dövlət müdrikliyi və uzaqgörənliyi Qafqazda sülh yaratmağa və bu bərəkətli torpaqlara müharibənin bir daha gəlməyəcəyinə inanmağa imkan verdi.
O, Azərbaycan xalqının böyük oğlu və görkəmli Prezident kimi qəlbimizdə həmişəlik qalacaqdır. Respublikada sabitlik və müstəqil Azərbaycanın tərəqqiyə doğru yolunun başlanması məhz onun adı ilə bağlıdır. Heydər Əlirza oğlu Əliyev Rusiya-Azərbaycan münasibətlərinin inkişafı üçün çox işlər görmüş, bu münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırmışdır.
Sizin itkiniz bütün Müstəqil Dövlətlər Birliyi üçün, keçmiş ümumi vətənimizdə - Sovet İttifaqında doğulub, boya-başa çatmış insanlar üçün də itkidir. Sovet İttifaqının rəhbərlərindən biri kimi, o, burada məskunlaşmış xalqların həyatının yaxşılaşması üçün çox qüvvə sərf etmişdir.
Bilirik ki, o, gözəl ata, öz ailəsinin hədsiz məhəbbət və hörmət qazanmış başçısı olmuşdur. Onun aramızdan getməsi böyük kədərdir və biz bu kədəri Sizinlə və bütün Azərbaycan xalqı ilə bölüşürük. Biz onun nurlu xatirəsini qəlbimizdə həmişə saxlayacağıq.
Hörmətlə və səmimi başsağlığı ilə,
Vladimir Ruşaylo,
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının
katibi
Moskva, 13 dekabr 2003-cü il.