AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan xalqına üz vermiş itkidən - Heydər Əlirza oğlu Əliyevin vəfatından kədərlə xəbər tutduq.
Özünün bütün qüvvə və biliyini müstəqil Azərbaycan dövlətinin təşəkkülü işinə həsr etmiş görkəmli dövlət xadimi və siyasi xadim həyatdan getmişdir. Uzun illər ərzində Heydər Əlirza oğlunun dövləti fəaliyyəti dövlət təhlükəsizliyi orqanlarında xidmətlə bağlı olmuşdur. Burada o, Azərbaycan DTK-nın əməliyyat işçisindən rəhbərinədək layiqli bir yol keçmişdir.
Heydər Əlirza oğluna xas olan yüksək siyasi və işgüzar keyfiyyətlər, səmimilik və insanlara qarşı həssaslıq ona təkcə Vətənində deyil, çox-çox uzaqlarda da dərin hörmət qazandırmışdır.
Hörmətli İlham Heydər oğlu, Azərbaycan xalqı üçün bu hüznlü vaxtda səmimi başsağlığımızı qəbul edin.
Əminik ki, ölkələrimizin xüsusi xidmət idarələrinin qarşılıqlı fəaliyyəti bundan sonra da Azərbaycanın və Rusiyanın təhlükəsizliyinin təmin edilməsinə, habelə MDB-nin üzvü olan dövlətlərin kollektiv mənafelərinin müdafiəsinə yönəldiləcəkdir.
Hörmətlə,
Nikolay Patruşev
MDB-nin üzvü olan dövlətlərin Təhlükəsizlik
Orqanları Rəhbərləri Şurasının sədri, ordu generalı
Moskva, 13 dekabr 2003-cü il.