Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Sizi və bütün Azərbaycan xalqını Milli bayram - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.
Dost Azərbaycan xalqı dövlət quruculuğu, elmin, mədəniyyətin, incəsənətin, ədəbiyyatın inkişafı sahəsində çoxəsrlik ənənələrə malikdir. Azərbaycan şairlərinin, yazıçılarının, bəstəkarlarının, rəssamlarının əsərləri bütün Qafqazın sərvətinə çevrilmişdir. Respublikanın müasir tarixi iqtisadiyyatın yüksək sürətlə inkişaf etməsi, dövlətin beynəlxalq nüfuzunun möhkəmlənməsi, demokratik islahatlar yolunda irəliləyişlə səciyyəvidir. Ölkəmiz - Rusiya ilə Azərbaycan arasında siyasi və iqtisadi münasibətlərin möhkəmlənməsini müşahidə etmək bizə xüsusilə xoşdur. Qəti əminəm ki, bu proses çərçivəsində Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Çeçenistan Respublikasının işgüzar dairələri arasında qarşılıqlı faydalı əməkdaşlığın böyük gələcəyi vardır. Biz Rusiya Federasiyasının qanunlarına uyğun olaraq Azərbaycan şirkətlərinin bizim respublikada perspektivli layihələrə sərmayə qoyması üçün əlverişli şərait yaratmağa hazırıq. Mən Bakıda Sizinlə görüşlərimi çox səmimi hisslərlə xatırlayıram. Ümid edirəm ki, yaxın gələcəkdə bu görüşlər davam edəcəkdir. Fürsətdən istifadə edib Sizin Rusiyaya növbəti səfəriniz çərçivəsində Çeçenistan Respublikasına gəlmək barədə əvvəl Sizə etdiyim dəvəti bir daha təsdiqləmək istəyirəm. Çeçenistan Respublikasının xalqı Sizi ən şərəfli və hörmətli qonaqlardan biri kimi qarşılayacaqdır.
Sizə və ailənizin üzvlərinə cansağlığı və firavanlıq, Azərbaycan Respublikasına sülh və tərəqqi diləyirəm.
Hörmətlə,
Ramzan Kadırov
Rusiya Federasiyası Çeçenistan Respublikasının
rəhbəri