Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə icazə verin, Çin Xalq Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırım.
Son illərdə Zati-alinizin rəhbərliyi ilə Azərbaycanda siyasi sabitlik qorunub saxlanılır, iqtisadiyyat sürətlə inkişaf edir, xalqın həyat səviyyəsi xeyli yüksəlir, dövlətin qüdrəti artır. Dostluğa əsaslanan əməkdaşlığın tərəfdaşları kimi, biz buna sevinir və Azərbaycana ölkənin quruculuğu işində səmimi qəlbdən böyük uğurlar arzulayırıq.
Çin ilə Azərbaycan arasında diplomatik münasibətlər yaradılandan sonrakı 19 ildə bu münasibətlər sağlam və sabit inkişaf etmişdir. Qarşılıqlı siyasi etimad dərinləşir, ticari-iqtisadi əməkdaşlıq sürətlə inkişaf edir, mədəni əlaqələr və mübadilələr mütəmadi genişlənir. Biz yaxşı əlaqə saxlayır və beynəlxalq məsələlərdə bir-birimizi dəstəkləyirik. Uzunmüddətli və sabit Çin-Azərbaycan dostluq münasibətlərinin inkişafı ölkələrimizin və xalqlarımızın əsas mənafelərinə uyğundur. Çin tərəfi Azərbaycan tərəfi ilə birlikdə qarşılıqlı siyasi etimadımızı mütəmadi möhkəmlətməyə, işgüzar əməkdaşlığı genişləndirməyə, humanitar əlaqələri fəallaşdırmağa, dostluq və tərəfdaşlıq münasibətlərimizi yeni səviyyəyə çatdırmağa hazırdır.
Sizin ölkənizə firavanlıq və qüdrət, xalqınıza əmin-amanlıq və xoşbəxtlik diləyirəm!
Zati-alinizə möhkəm cansağlığı diləyir, ən xoş arzularımı bildirirəm!
Dərin hörmətlə,
Hu Tszintao
Çin Xalq Respublikasının sədri