Azərbaycan Rus İcması Türkiyəyə humanitar yardım göndərib
Bakı, 16 fevral, AZƏRTAC
Türkiyədə dağıdıcı zəlzələ nəticəsində zərərçəkmişlərə Azərbaycan Rus İcması adından humanitar yardım göndərilməsi ilə əlaqədar, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin, icma sədrinin müavini Anastasiya Lavrina, Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina və icmanın başqa nümayəndələri tədbirdə iştirak ediblər.
Yardım qismində ilkin zərurət əşyaları - isti geyim, dərmanlar, yorğanlar, ərzaq toplanıb. Humanitar yardımla dolu yük maşını yardım toplama məntəqəsinə göndərilib.
Qeyd edək ki, təbii fəlakətin ilk günündən Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyəyə lazımlı kömək göndərilir.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04.17-də Türkiyənin Kahramanmaraş əyalətinin Pazarcıq rayonunda 7,7 bal, 13.24-də Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələdə yeraltı təkanlar 10 vilayətdə ciddi dağıntılara, minlərlə insanın ölümünə səbəb olub.