AZƏRBAYCAN RUS İCMASININ II QURULTAYININ NÜMAYƏNDƏLƏRİNƏ
Əziz həmvətənlər!
Sizi – Azərbaycan Rus İcması təşkilatının II qurultayının nümayəndələrini ürəkdən salamlayır, hamınıza ən xoş arzularımı yetirirəm.
170 ildir ki, Azərbaycanda məskunlaşıb yaşayan ruslar bu gün haqlı olaraq buranı özlərinin ikinci doğma vətəni hesab edirlər. Çünki Azərbaycanda tarixən mövcud olmuş tolerantlıq, xalqımızın yüksək humanist keyfiyyətləri müxtəlif dilli və dinli xalqlar arasında sivil etnik-dini münasibətlərin formalaşmasına və bütün milli azlıqların əmin-amanlıq şəraitində yaşamasına gözəl şərait yaratmışdır.
Rus əhalisi ötən tarixi dövr ərzində Azərbaycan cəmiyyətinə sürətlə inteqrasiya olunmuş, milli özünəməxsusluğunu, etnik-dini adət-ənənələrini, dil və mədəniyyətini qoruyub saxlamaqla ölkəmizdə gedən tarixi proseslərdən, ictimai-siyasi və elmi-mədəni həyatdan kənarda qalmamışdır.
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra tarixi ənənələrinə sadiq qalaraq, ölkədə beynəlxalq normalara uyğun demokratik hüquqi prinsiplərin bərqərar edilməsi sahəsində ardıcıl siyasət xətti həyata keçirir. Bu gün demokratik təsisatların azad fəaliyyəti və dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın insan hüquq və azadlıqlarının təminatı üçün respublikada zəruri hüquqi-siyasi şərait yaradılmışdır. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri kimi, ruslar da ölkə Konstitusiyası ilə təsbit edilmiş hüquq və azadlıqlardan hərtərəfli yararlanaraq, rəsmi dövlət strukturlarında, elmi-mədəni, sosial-iqtisadi və istehsalat sahələrində geniş təmsil olunur, demokratik hüquqi islahatların həyata keçirilməsində fəal vətəndaşlıq mövqeyi nümayiş etdirirlər.
Xüsusi vurğulamaq istərdim ki, SSRİ-nin süqutundan sonra milli müstəqillik qazanmış bir sıra respublikalarda ruslara və rusdilli əhaliyə qarşı müəyyən mənfi hallar Azərbaycanda baş verməmiş və bəzi MDB ölkələrindən fərqli olaraq, bizim respublikada rus dilinə və rus dilində təhsilə heç bir qadağa və məhdudiyyət qoyulmamışdır. Hazırda ölkəmizdə onlarca rusdilli orta ümumtəhsil məktəbi, ali təhsil ocaqlarında rus bölmələri, Bakı Slavyan Universiteti fəaliyyət göstərir, rus dilində çoxsaylı mətbuat orqanları və kitablar çap olunur.
Məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu gün Cənubi Qafqazda ən böyük rus icması Azərbaycandadır və postsovet məkanında yaşayan rusların sayına görə respublikamız öncül yerlərdən birini tutur. Ermənistanda azərbaycanlılara qarşı həyata keçirilən son etnik təmizləmə və deportasiya siyasəti zamanı mürtəce erməni şovinizmindən əziyyət çəkən minlərlə rusun daimi yaşayış yeri kimi məhz Azərbaycanı seçməsi heç də təsadüfi deyildi.
Azərbaycan dövləti hər cür milli müstəsnalığın, irqi ayrı-seçkiliyin, etnik-dini dözümsüzlüyün əleyhinə olmuşdur və bundan sonra da öz daxili və xarici siyasətinin prioritet xətti kimi bu sahədə ardıcıl fəaliyyətini davam etdirəcəkdir.
Hörmətli qurultay iştirakçıları!
Respublikamızın ən kütləvi ictimai təşkilatlarından olan və sıralarında 80 minədək üzvü birləşdirən Azərbaycan Rus İcması yarandığı on ildən artıq bir müddətdə ictimai fəallığı ilə seçilmiş, dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, azad vətəndaş cəmiyyəti quruculuğunda yaxından iştirak etmişdir. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ictimai-mədəni əlaqələrin və xalq diplomatiyasının gücləndirilməsi, xalqlarımızın bir-birinə daha da yaxınlaşması, Ermənistanın Azərbaycan torpaqlarını işğalı və Dağlıq Qarabağ münaqişəsi barədə obyektiv gerçəkliyin dünya ictimayyətinə çatdırılması sahəsində təşkilatınız diqqətəlayiq işlər görmüşdür.
Əminəm ki, Azərbaycan Rus İcması ictimai birliyi bundan sonra da ölkəmizin rus əhalisini layiqincə təmsil edəcək və öz fəaliyyətini xalqlar arasında mehriban dostluq münasibətlərinin inkişafına, cəmiyyətimizdə vətəndaş həmrəyliyinin və monolit birliyin qorunub saxlanmasına, müstəqil Azərbaycan dövlətçiliyinin daha da qüdrətlənməsi işinə səfərbər edəcəkdir.
Bu nəcib və xeyirxah fəaliyyətdə hər birinizə cansağlığı, qurultayınızın işinə uğurlar arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 oktyabr 2004-cü il.