İDMAN
Azərbaycan şahmatçıları “Nana Aleksandria Kuboku - 2014” mükafatı uğrunda mübarizə aparırlar
Bakı, 17 iyul (AZƏRTAC). Gürcüstanın Poti şəhərində qrossmeyster Nana Aleksandrianın xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turnirində 5-ci turun görüşləri başa çatıb.
AZƏRTAC xəbər verir ki, beynəlxalq turnirdə Azərbaycanın idman şərəfini müxtəlif yaş qruplarında 37 şahmatçı qoruyur.
Turnir “A” (əmsalı 2001-dən yuxarı olanlar), “B” (əmsalı 200-dən az olanlar) qrupları və 12 yaşadək uşaqlar arasında keçirilir.
Beş turdan sonra “A” qrupunda mübarizə aparan Vüqar Rəsulov və Ülvi Bacarani aktivlərinə 3,5 xal yazaraq 9-10-cu yerləri bölüşdürürlər. “B” qrupunda Mustafa Məmmədov 4 xalla 4-13-cü yerləri bölüşdürərək əlavə göstəricilərə görə 11-ci pillədə qərarlaşıb. Elnur Mehdiyev isə 3,5 xalla 15-ci yerdədir.
On yaşlı oğlanlar arasında Aydın Süleymanlı 3,5 xalla 8-ci pillədədir. Mehin Taba-Tabei 3,5 xalla eyni yaş qızlar arasında 4-cü sıradadır. Səkkiz yaşlı oğlanların mübarizəsində Sadiq Abbasov 4 xalla 4-8-ci yerləri bölüşdürür.
Yarış iyulun 20-də başa çatacaq.