Azərbaycan seçkilərin keçirilməsi sahəsində kifayət qədər böyük təcrübə qazanıb
Şirvanda prezident seçkilərində polisin xidməti fəaliyyətinə dair regional seminar-müşavirə keçirilib
Şirvan, 28 mart, Mahir Babayev, AZƏRTAC
Martın 28-də Şirvan şəhərində 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası prezidentinin seçkilərində polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr olunmuş regional seminar-müşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) və Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova, Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsi, polis polkovnik-leytenantı Hamlet Hümbətəliyev, MSK-nın nümayəndələri Bəxşeyiş Əsgərov, Samir Tağıyev, ATƏT-in uzunmüddətli müşahidəçiləri, Şirvan Şəhər Polis İdarəsinin rəisi, polkovnik Hikmət Quliyev, 28 dairə seçki komissiyasının sədrləri və 18 şəhər və rayon polis orqanlarının nümayəndələri iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd seçki qanunvericiliyinin və səsvermə günü polisin üzərinə düşən vəzifələrin və ictimai qaydaların qorunmasının izah edilməsi olub.
Seminarda çıxış edən Ombudsman Elmira Süleymanova bildirib ki, yerli icra hakimiyyəti və polis orqanları seçki prosesində bilavasitə iştirak etməsələr də, yerlərdə seçki mühitinin yaradılmasında, seçkilər zamanı asayişin təmin edilməsində önəmli rol oynayırlar.
Diqqətə çatdırılıb ki, Azərbaycan seçkilərin keçirilməsi sahəsində kifayət qədər böyük təcrübə qazanıb. Bu təcrübə imkan verir ki, qarşıdan gələn prezident seçkiləri də yüksək səviyyədə təşkil olunsun. Ombudsman qeyd edib ki, Azərbaycan hakimiyyətinin siyasi iradəsi və bu sahədə görülən zəruri tədbirlər ölkəmizdə prezident seçkilərinin azad, demokratik, şəffaf, qanunvericiliyə və beynəlxalq standartlara uyğun keçirilməsinə şərait yaradır.
MSK üzvü Bəxşeyiş Əsgərov seçki subyektləri, onların hüquq və vəzifələri, qanunsuz müdaxilənin yolverilməzliyi mövzusunda fikir və mülahizələrini bölüşüb.
Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsi, polis polkovnik-leytenantı Hamlet Hümbətəliyev seçki ərəfəsi kampaniya dövründə və səsvermə günü ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələrindən danışıb. O, səsvermə başa çatandan sonra seçki bülletenlərinin və digər sənədlərin dairə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı yüksək təhlükəsizlik tədbirlərinin görülməsinin vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən MSK katibliyinin əməkdaşı Samir Tağıyev bu cür maarifləndirici tədbirlərin keçirilməsinin şəhər və rayon polis idarəsi nümayəndələrinin və dairə seçki komissiyalarının üzvlərinin bilik və səriştələrinin daha da artırılmasında mühüm əhəmiyyət kəsb etdiyini seminar iştirakçılarının diqqətinə çatdırıb.
Seminar-müşavirədə mövzu ilə bağlı geniş müzakirələr aparılıb.