“Azərbaycan sənədli kino salnaməsi”də növbəti tədbir Muxtar Dadaşovun yaradıcılığına həsr olunub
Bakı, 5 may, AZƏRTAC
Mayın 5-də Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə Dövlət Film Fondunda “Azərbaycan sənədli kino salnaməsi” adlı silsilə retrospektiv baxış çərçivəsində növbəti tədbir keçirilib. Tədbir Xalq artisti, kinorejissor Muxtar Dadaşovun yaradıcılığına həsr olunub.
Dövlət Film Fondundan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, Muxtar Dadaşovun Azərbaycan kinosunun təşəkkülündə və inkişafında müstəsna xidmətləri haqqında danışıb.
Sonra Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə çıxış edərək rejissor haqqında xatirələrini bölüşüb.
Sonda kinorejissor Muxtar Dadaşovun faşizm üzərində qələbənin qazanılmasında Bakı əməkçilərinin misilsiz xidmətlərindən bəhs edən “Bakı-42” (1985) sənədli filmi nümayiş olunub.