AZƏRBAYCAN SOSİOLOQLARININ BİRİNCİ QURULTAYI OLMUŞDUR
FORUMDA AZƏRBAYCAN SOSİOLOQLAR BİRLİYİ TƏSİS EDİLMİŞDİR
AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiatlar İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor Yusif Rüstəmov qurultayı açaraq ölkəmizdə sosiologiya elminin tarixinə ekskurs etmiş, birliyin yaradılmasının vaxtıçatmış məsələ olduğunu vurğulamışdır.
Qurultaya Türkiyə, Orta Asiya ölkələri, Tatarıstan və Başqırdıstan sosioloqlarından gəlmiş təbrik teleqramları səsləndirildikdən sonra institutun sosiologiya və sosial psixologiya şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Rəfiqə Əzimova “Müasir Azərbaycan cəmiyyətində sosiologiya elminin vəziyyəti və perspektivləri”, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru Cəmil Əhmədli “Azərbaycanda sosioloji təhsil və kadr hazırlığı məsələləri” mövzularında məruzə etmişlər.
Məruzələrdə xüsusi vurğulanmışdır ki, müasir cəmiyyətşünaslıq, xüsusən sosiologiya elmi bu gün cəmiyyətdə gedən proseslərə vaxtında adekvat reaksiya verməyi və zamanın tələblərinə uyğunlaşmağı bacarmalıdır. Azərbaycan dövlətçiliyinin tərəqqisi və möhkəmlənməsi şəraitində milli sosiologiyanın inkişafı ilə bağlı yeni perspektivlər, üfüqlər açılır. Sosioloji biliklərdən səmərəli istifadə, sosioloji tədqiqat metodlarının düzgün və məqsədyönlü şəkildə tətbiqi, bu sahədə elmi-praktiki potensialın inkişaf etdirilməsi Azərbaycan cəmiyyətinin tərəqqisi üçün mühüm əhəmiyyətə malikdir. Sosiologiyanın Azərbaycanda təsisatlaşma səviyyəsinin getdikcə qüvvətlənməsi bir çox sosial problemlərin həlli deməkdir.
Qeyd edilmişdir ki, sahə tədqiqatları bu gün sosiologiyada çox aktualdır. Bu mənada sosiologiya bilavasitə cəmiyyətin müxtəlif sferalarında meydana çıxan problemlərin həlli ilə məşğul olan sosial mütəxəssislərin-sosioloqların hazırlanması zərurətini ortaya qoyur.
Məruzələr ətrafında müzakirələrdə çıxış edənlər - respublikanın görkəmli alimləri qaldırılan problemlərə münasibətlərini bildirmiş, sosioloji tədqiqatların canlandırılmasında yeni yaranacaq birliyin əhəmiyyətini qeyd etmişlər. İnstitutun elmi işçisi, sosiologiya doktoru Əbülfəz Süleymanov isə öz çıxışında akademik və empirik sosiologiyanın aktual məsələlərindən söhbət açmış, Azərbaycan sosiologiyasında qərbyönümlü nəzəriyyələrin tətbiqi ilə bağlı diqqətli olmağın zəruriliyini qabartmışdır.
Azərbaycan Sosioloqlar Birliyinin Nizamnaməsi qəbul edilmiş, qurumun idarə heyətinin tərkibi müəyyənləşdirilmiş, rəhbərliyi seçilmişdir. Yusif Rüstəmov birliyin prezidenti, Cəmil Əhmədli vitse-prezidenti, Rəfiqə Əzimova idarə heyətinin sədri seçilmişlər.