MƏDƏNİYYƏT
Azərbaycan Turizm İnstitutunun rektoru Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun IV qurultayında iştirak etmişdir
![Azərbaycan Turizm İnstitutunun rektoru Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun IV qurultayında iştirak etmişdir](/files/2013/3/1200x630/14071451284845143033_1200x630.jpg)
Bakı, 14 noyabr (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunun (ATİ) rektoru, professor Cəfər Cəfərov Hindistanın Bubanesvar şəhərində keçirilən Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun (ESRUC) IV illik qurultayında iştirak etmişdir.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, Türkiyənin Atatürk Universitetinin təşkilatçılığı və Hindistanın Kalinqa Sənaye Texnologiyası Universitetinin ev sahibliyi ilə keçirilmiş qurultayın əsas mövzusu İpək Yolu boyunca sosial, mədəni və qlobal məsələlərin araşdırılması olmuşdur.
On altı bölmədə təşkil edilən tədbirdə iştirakçılar müxtəlif istiqamətlər üzrə təlimlərdə iştirak etmişlər.
Səfər çərçivəsində ATİ ilə Hindistanın Kalinqa Sənaye Texnologiyası və Türkiyənin Muş Alparslan universitetləri arasında anlaşma memorandumu, həmçinin Muş Alparslan və Amasya universitetləri ilə “Mövlanə Mübadilə Proqramı” çərçivəsində əməkdaşlıq protokolu imzalanmışdır.