CƏMİYYƏT
Azərbaycan və Albaniyanın prokurorluq orqanları arasında memorandum imzalanıb
Bakı, 1 oktyabr, AZƏRTAC
Oktyabrın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Albaniya Respublikasının Baş prokuroru Olsian Çelanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Baş prokuror Kamran Əliyev Albaniyanın Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğulayıb. Bildirib ki, Albaniya Respublikası ilə ölkəmiz arasında daimi dostluq münasibətləri var. İki ölkə arasında yaranmış əlaqələrdən söz açan K.Əliyev, bu ilin mart ayında ölkəmizdə rəsmi səfərdə olmuş Albaniya Prezidenti Bayram Beqayın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra həmin əlaqə və münasibətlərin daha da möhkəmləndiyini vurğulayıb.
O, prokurorluq orqanlarında həyata keçirilən islahatlar, Elektron Prokuror İnformasiya Sisteminin (EPİS) hazırlanması və tətbiqi barədə qonaqlara ətraflı məlumat verərək, Azərbaycan Prokurorluq orqanlarının beynəlxalq və regional təşkilatlar, habelə digər ölkələrin prokurorluq və hüquq-mühafizə orqanları ilə səmərəli əməkdaşlığından danışıb.
Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağının və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Bakıda keçirilməsinin tarixi əhəmiyyəti barədə məlumat verən Baş prokuror, belə beynəlxalq tədbirlərin ölkələrarası münasibətlərin inkişafına böyük töhfə verəcəyinə inandığını qeyd edib.
Albaniya Respublikasının Baş prokuroru ölkəmizdə səfərdə olmasından məmnunluğunu ifadə edib, həmçinin 1 Oktyabr - Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü münasibətilə təbriklərini çatdırıb. O, ölkələrimizin prokurorluq orqanları arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.
Sonra iki ölkənin prokurorluq orqanları arasında transmilli cinayətlərə qarşı mübarizədə, o cümlədən aktivlərin bərpa edilməsi məsələlərində birgə səylərin səmərəliliyini artırmaq, habelə insan hüquq və azadlıqlarının müdafiəsini təmin etmək məqsədilə mövcud əməkdaşlığı gücləndirmək niyyətilə memorandum imzalanıb.