AZƏRBAYCAN VƏ AVSTRİYA ARASINDA QARIŞIQ KOMİSSİYANIN 5-Cİ İCLASI BAŞA ÇATMIŞDIR
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan və Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Vyanada keçirilən 5-ci iclası başa çatmışdır.
İclasda ölkəmizi iqtisadi inkişaf naziri, Komissiyanın Azərbaycan tərəfdən həmsədri Heydər Babayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir. Nümayəndə heyətinin tərkibinə Xarici İşlər, Kənd Təsərrüfatı, Sənaye və Energetika, İqtisadi İnkişaf, Gənclər və İdman, Səhiyyə, Mədəniyyət və Turizm nazirliklərinin, Milli Bankın, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin, Milli Elmlər Akademiyasının yüksək vəzifəli təmsilçiləri daxil idilər.
Avstriya tərəfdən Komissiyaya bu ölkənin Federal İqtisadiyyat və Əmək Nazirliyinin xarici iqtisadi əlaqələr üzrə baş direktoru Yohan M. Zaxs sədrlik edirdi.
İclasda iki ölkənin mövcud iqtisadi vəziyyəti barədə məlumat mübadiləsi aparılmış, kənd təsərrüfatı, sənaye və energetika, turizm, bankçılıq və s. sahələrdə əməkdaşlıq imkanları müzakirə edilmişdir. Tədbirdə həmçinin, ticarət dövriyyəsinin artırılmasının, təcrübə və məlumat mübadiləsinin genişləndirilməsinin əhəmiyyəti vurğulanmışdır. Qeyd olunmuşdur ki, 2007-ci ildə Azərbaycan və Avstriya arasında ticarət dövriyyəsi 49,1 milyon ABŞ dolları təşkil etmişdir. 2006-cı illə müqayisədə ötən il iki ölkə arasında ticarət əməliyyatlarının həcmi 15,5 faiz artmışdır. Bununla belə, ticarət və investisiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi üçün real imkanlar mövcuddur. Bu baxımdan, Avstriyanın investisiyalar və ixracın təşviqi sahələri üzrə təlim proqramlarını davam etdirməsi, hər iki ölkəyə investisiya yatırmaq imkanlarının araşdırılması əlaqələrin daha da inkişafı üçün əhəmiyyətlidir.
İclasda sahibkarlar arasında ikitərəfli əməkdaşlığa dəstək məqsədilə biznes-forumların, sərgi və yarmarkaların keçirilməsinin vacibliyi də qeyd olunmuşdur.
Komissiyanın 5-ci iclasında Avstriya şirkətlərinin enerji, qida sənayesi, tibb və turizm xidmətləri (xəstəxanalar və istirahət mərkəzləri) kimi sahələr üzrə əlavə əməkdaşlıq imkanlarını əks etdirən məruzələr dinlənilmişdir.
Müzakirələrdən sonra Azərbaycan və Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 5-ci iclasına dair protokol imzalanmışdır.
Sənədi komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Heydər Babayev və Avstriyanın Federal İqtisadiyyat və Əmək Nazirliyinin xarici iqtisadi əlaqələr üzrə baş direktoru Yohan M.Zaxs imzalamışlar.
Protokola əsasən, tərəflər iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün birgə səylərini artıracaqlar. Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlük prosesinin Avstriya tərəfindən dəstəklənməsinin davam etdirilməsi də sənəddə öz əksini tapmışdır. Protokol həmçinin, kommunal infrastrukturun yaxşılaşdırılması (tullantılar və çirkab su təsərrüfatı sahələri), kimya, neft kimyası, maşınqayırma və metallurgiya sahəsində birgə müəssisələrin yaradılması imkanlarının araşdırılması, Azərbaycanın bölgələri və Avstriyanın federal əyalətləri arasında əlaqələrin gücləndirilməsi, gənclərlə bağlı birgə festival, konfrans, simpozium, sərgi, forum təşkili və s. sahələrdə əməkdaşlıq məsələlərini əhatə edir.
Səfər çərçivəsində Heydər Babayev federal iqtisadiyyat və əmək naziri Martin Bartenştayn ilə də görüşmüş, əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparmışdır.
Azərbaycan nümayəndə heyəti Vyana və Ştiriyada maşınqayırma, energetika, kənd təsərrüfatı müəssisələri ilə yaxından tanış olmuşlar.
Komissiyanın növbəti iclası Bakıda keçiriləcəkdir.