AZƏRBAYCAN VƏ İNDONEZİYA İŞ ADAMLARI ARASINDA İŞGÜZAR GÖRÜŞLƏR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, İndoneziyanın xarici işlər naziri Noer Həsən Virayudanın Azərbaycana rəsmi səfəri çərçivəsində hər iki ölkənin iş adamları arasında işgüzar görüşlər keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) təşkilatçılığı ilə keçirilmiş tədbirdə rəsmi şəxslərlə yanaşı, neft-qaz, informasiya texnologiyaları və s. sahələrdə fəaliyyət göstərən 30-a yaxın iş adamı iştirak etmişdir.
İqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov tədbir iştirakçılarına Azərbaycanın sosial-iqtisadi vəziyyəti, eləcə də Azərbaycan İnvestisiya Şirkətinin və AZPROMO-nun fəaliyyəti barədə məlumat vermişdir. Ölkədə əlverişli biznes mühitinin yaradıldığını qeyd edən Mikayıl Cabbarov indoneziyalı sahibkarları azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət etmişdir.
İndoneziyanın xarici işlər naziri Noer Həsən Virayuda ölkəsinin iqtisadiyyatı, əsas inkişaf istiqamətləri haqqında məlumat vermiş, iqtisadiyyatın bir sıra sahələri, o cümlədən kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm və digər bölmələrdə əməkdaşlıq üçün böyük imkanların olduğunu diqqətə çatdırmışdır.
AZPROMO-nun prezidenti Emil Məcidov Azərbaycanın investisiya imkanları ilə bağlı məruzə etmişdir.
Tədbirin rəsmi hissəsindən sonra iş adamları arasında ikitərəfli işgüzar görüşlər keçirilmişdir.