SİYASƏT
AZƏRBAYCAN VƏ KÜVEYT ARASINDA QADIN, UŞAQ VƏ AİLƏ MƏSƏLƏLƏRİ SAHƏSİNDƏ SAZİŞ İMZALANMIŞDIR
Bakı, 26 yanvar (AZƏRTAC). Yanvarın 25-26-da Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynovanın rəhbərliyi ilə nümayəndə heyəti Küveyt dövlətində rəsmi səfərdə olmuşdur. Səfərin məqsədi ailə, qadın və uşaq problemləri sahəsində ölkələrarası əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.
AQUPDK-dan verilən məlumatda bildirilir ki, proqram çərçivəsində nümayəndə heyəti Küveytin Qadın Məsələləri Komitəsinin sədri Sheyxa Lətifə Fahed əl Səlim əl Sabahın iştirakı ilə Əl-Küveyt şəhərində Uşaq Mərkəzinin rəsmi açılış mərasimində iştirak edərək qurumun fəaliyyəti ilə yaxından tanış olmuşdur.
Hicran Hüseynova və Sheyxa Lətifə Fahed əl Səlim əl Sabah Azərbaycan və Küveyt arasında qadın, uşaq və ailə məsələləri sahəsində əməkdaşlıq haqqında saziş imzalamışlar. Sənəd müvafiq istiqamətlər üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Sazişə əsasən hər iki ölkədə qadınların irəli çəkilməsi, qadın problemləri sahəsində mütəmadi informasiya mübadiləsinin aparılması, birgə nəşrlərin buraxılması, qadın, uşaq və ailə problemlərinin araşdırılmasına həsr olunmuş ikitərəfli fəaliyyət nəzərdə tutulur. Eyni zamanda birgə beynəlxalq tədbirlərin təşkili, tərəflərin nümayəndələri üçün qarşılıqlı əsaslarla təlim kurslarının, treninqlərin keçirilməsi və digər istiqamətlər üzrə ardıcıl tədbirlərin reallaşdırılması planlaşdırılır.
İmzalanma mərasimindən sonra Hicran Hüseynova Sheyxa Fahed əl Səlim əl Sabaha AQUPDK-nın fəxri medalını təqdim etmişdir.
Hər iki tərəf bu səfəri və imzalanan sazişi qadın, ailə və uşaq problemlərinin həlli sahəsində Azərbaycan və Küveyt arasında qarşılıqlı əməkdaşlığın inkişafında yeni mərhələ kimi qiymətləndirmiş və gələcəkdə birgə fəaliyyətin daha da genişləndirilməsinin zəruriliyi ortaq mövqe kimi ifadə olunmuşdur.