AZƏRBAYCAN VƏ RUMINİYA PREZİDENTLƏRİNİN GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ
Rumıniya Prezidenti ali qonağı və onu müşayiət edən şəxsləri salamlayaraq bildirdi ki, Azərbaycanla Rumıniya bir sıra regional layihələr çərçivəsində uğurla əməkdaşlıq edirlər. TRASEKA layihəsi çərçivəsində əməkdaşlıq çox sürətlə inkişaf edir və işbirliyini daha da genişləndirmək üçün görülən tədbirlər davam etdirilməlidir.
Prezident İlham Əliyev rəsmi səfərə dəvət etdiyinə və göstərilən qonaqpərvərliyə görə Rumıniya rəhbərinə təşəkkür edərək dedi ki, ölkələrimiz arasında əlaqələrin yaradılması və möhkəmləndirilməsində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Rumıniya Prezidenti İon İliyeskunun böyük səyləri olmuşdur. İndiki səfər çərçivəsində imzalanacaq 11 sənəd siyasi, iqtisadi və humanitar sahədə ikitərəfli əlaqələrin inkişafında yeni mərhələ açacaqdır.
Azərbaycanın və Rumıniyanın Avropa strukturlarına, Avropa və Avratlantika məkanına inteqrasiyası məsələlərini geniş müzakirə edən dövlət başçıları Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətinin gücləndirilməsinin zəruriliyini vurğulayaraq, bunun regional əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcəyini bildirdilər.
Tərəflər Avropa Birliyinin yeni qonşuluq siyasətini bəyəndiklərini vurğuladılar və Qafqaz ölkələrinin, xüsusilə Azərbaycanın bu siyasətə daxil olunmasını çox əlamətdar hal kimi qiymətləndirdilər.
Görüşdə Azərbaycanın təbii qazının Rumıniyaya və buradan Avropanın digər ölkələrinə nəqli məsələsinə də toxunuldu, Avropa Birliyinin Qafqazdakı münaqişələrin həlli sahəsində səylərinin gücləndirilməsi zərurəti qeyd olundu.
Prezident İlham Əliyev bildirdi ki, ölkələrimiz arasında həm ikitərəfli, həm də regional əməkdaşlıq baxımından daha da yaxınlaşma prosesi gedir. Bu gün təkbətək və geniş tərkibdə aparılan danışıqlar dost ölkələr - Rumıniya və Azərbaycan üçün çox vacibdir və ikitərəfli əlaqələrdə yeni mərhələ olacaqdır.
Tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə də fikir mübadiləsi apardılar. Prezident İlham Əliyev xatırlatdı ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal olunmuş, bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Azərbaycan bu münaqişənin beynəlxalq hüquq normaları əsasında həllinin tərəfdarıdır və öz ərazi bütövlüyünün bərpa olunmasını tələb edir.