AZƏRBAYCAN VƏ UKRAYNA DİN-LƏRİ ARASINDA ƏMƏKDAŞLIQ YÜKSƏK SƏVİYYƏDƏDİR
Xəbər verdiyimiz kimi, Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 29-dan Ukraynada rəsmi səfərdədir.
R.Usubovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin üzvləri Ukraynada Daxili İşlər Nazirliyinə gələrək, burada təşkil edilmiş xüsusi texnika sərgisinə baxdılar. Onlar Ukrayna istehsalçılarının hazırladıqları müxtəlif zirehli jiletlərlə, silahlarla, 1200 dərəcəyə qədər istiliyə davamlı xüsusi geyimlərlə və dünyada analoqu olmayan digər eksponatlarla tanış oldular. Müxtəlif geyim növləri - rəsm-keçid, qış paltarları, habelə mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə xüsusi bölmələr üçün nəzərdə tutulan formalar da böyük maraq doğurdu.
Sonra Ukrayna DİN-nin konfrans salonunda nümayəndə heyətləri arasında danışıqlar oldu.
Ukraynanın daxili işlər naziri Y.Smirnov qonaqları salamlayaraq həmkarları ilə bu görüşün böyük əhəmiyyətini vurğuladı. O bildirdi ki, hazırda Ukrayna daxili işlər orqanlarında rəhbər vəzifələrdə 16 azərbaycanlı ləyaqətlə xidmət edir. Bu günlərdə isə milliyyətcə azərbaycanlı olan Elbrus Abdullayev Nəqliyyat Nazirliyinin dövlət katibi təyin edilmişdir. Nazirin fikrincə, bu fakt sübut edir ki, Ukraynadakı Azərbaycan diasporunun nümayəndələri bu ölkədə öz xalqını ləyaqətlə təmin edir, Ukraynanın inkişafına öz töhfələrini verirlər.
Y.Smirnov ölklərimizin müvafiq idarələri arasında əməkdaşlığı, cinayətkarlıqla mübarizədə onların qarşılıqlı fəaliyyətini yüksək qiymətləndirdi.
Nazir R.Usubov Kiyevin 1250 illiyi ilə əlaqədar keçirilmiş Ukrayna paytaxtı günü münasibətilə həmkarını təbrik etdi.
Azərbaycanda Ukrayna mədəniyyəti günlərinin böyük uğurla keçdiyi barədə həmkarlarına məlumat verən nazir bu tədbiri müstəqil dövlətlərimizin əsl dostluq bayramı adlandırdı. Sonra R.Usubov ölkəmizdəki ictimai-siyasi sabitlikdən, aparılan iqtisadi islahatlardan, Azərbaycan polisinin mütəşəkkil və transmilli cinayətkarlıqla, beynəlxalq terrorizmlə, narkoticarətlə mübarizədə uğurlarından danışdı. O, Azərbaycan polisi və Ukrayna milisinin beynəlxalq əməkdaşlığa dair gözəl nümunə nümayiş etdirdiklərini xüsusi vurğuladı. R.Usubov dedi ki, bu cür qarşılıqlı fəaliyyət sayəsində Azərbaycan polisi Ukraynadan olan bir çox təhlükəli cinayətkarı yaxalayaraq həmkarlarına təhvil vermişdir. Ukraynalı həmkarlar da bu cür tədbirlər görmüşlər. R.Usubov Azərbaycan polislərinin Ukrayna ali məktəblərində və akademiyalarında hazırlıq və ixtisasıaratırma kursları keçməsinə yardım göstərilməsini xahiş etdi.
Nazir qarşılıqlı surətdə faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün Ukrayna DİN-in başçısı Y.Smirnovu Azərbaycana dəvət etdi və həmin səfər zamanı beynəlxalq terrorizmlə mübarizədə əməkdaşlıq haqqında memorandum imzalamaq təklifi irəli sürdü. O bildirdi ki, memorandumun layihəsi artıq hazırdır. Y.Smirnov bu dəvəti minnətdarlıqla qəbul etdi.
Sonra 2002-2003-cü illərdə Azərbaycan və Ukraynanın daxili işlər nazirlikləri arasında əməkdaşlığa dair protokolun imzalanma mərasimi oldu. Sənədi daxili işlər nazirləri R.Usubov və Y.Smirnov imzaladılar.
Nazir R.Usubova, Azərbaycanın Ukraynadakı səfiri T.Əliyevə, general-mayor V.Rzayevə, polkovnik V.Cüməzadəyə və mayor S.Bağırova Ukrayna DİN-in “Hüquq mühafizə fəaliyyətində beynəlxalq əməkdaşlığa görə” döş nişanı təqdim edildi.
Axırda mətbuat konfransı oldu.
Zeynal Ağazadə
AZƏRTAC-ın ştatdankənar müxbiri
Kiyev