Azad edilmiş ərazilərdə 5 hektardan bir parselləşmə işlərinin həyata keçirilməsi nəzərdə tutulur
Bakı, 10 iyun, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlər faktiki olaraq yeni konsepsiya ilə qurulur. Bu ərazilərdə torpaq və əmlak münasibətlərinin formalaşdırılması Əmlak Məsələləri Dövlət Xidməti üçün hansı yeni yanaşmaları tələb edir?
Dövlət Xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkə başçısının 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq həmin ərazilərdə iqtisadi aktivliyin təşviqi üçün əlverişli biznes mühitinin formalaşdırılması, torpaq ehtiyatlarının səmərəli idarəedilməsi mexanizminin yaradılması və bölgədə regional ixtisaslaşmanın artırılması dayanıqlı məskunlaşma konsepsiyasının prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Bu proqram çərçivəsində həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradıb.
“Proqramdan irəli gələrək işğaldan azad edilmiş ərazilərdəki daşınmaz əmlak və infrastruktur obyektlərinin inventarlaşdırılması yekunlaşıb, daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotunun və aerofotoplanalma işləri aparılmaqla, ortofotoxəritələr hazırlanıb, torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri dəqiqləşdirilib. Proqram çərçivəsində aparılmış uçot məlumatları əsasən deqradasiyaya məruz qalmış torpaq sahələri müəyyən edilib və əkin qatı korlanmış torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması üçün torpaqların yaxşılaşdırma (mənimsənilməsi) layihələri hazırlanıb.
Pilot layihə əsasında Zəngilan rayonunun Ağalı kəndi sakinlərinə əkin məqsədilə ayrılması üçün hər 5 hektardan bir parselləşmə layihəsi icra edilib. Digər ərazilərdə məskunlaşma prosesi aparıldıqca 5 hektardan bir parselləşmə işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Proqram çərçivəsində bu ərazilərdə yerləşən daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi təmin edilməklə məlumatlar Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilib”, - deyə qurumun sorğuya cavabında bildirilir.