CƏMİYYƏT
Azərbaycan və Ukrayna gənclərinin forumunda “Qarabağ Azərbaycandır!” fləşmobu keçirilib VİDEO
![](/files/galleryphoto/2019/3/1200x630/15720849146183031772_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15720849143015647794_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/1572084914451152139_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/1572084914429217431_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15720849143286522200_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15720849143828958164_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15720849145348626488_1200x630.jpg)
Kiyev, 26 oktyabr, AZƏRTAC
Kiyevdə Azərbaycan və Ukrayna gənclərinin birinci forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) təşkilatçılığı ilə Kiyev Milli Texnologiya və Dizayn Universitetində keçirilən forum hər iki dövlətin himnlərinin səsləndirilməsi ilə başlayıb.
Kiyev Milli Texnologiya və Dizayn Universitetinin elmi, pedaqoji və beynəlxalq fəaliyyətlər üzrə prorektoru, professor, texniki elmlər doktoru Vitali Çaban Ukrayna-Azərbaycan əlaqələrindən danışıb, ikitərəfli münasibətlərin inkişafında gənclərin rolunu xüsusi qeyd edib. V.Çaban bu baxımdan belə forumların əhəmiyyətini vurğulayıb.
ASGA-nın sədri Səbuhi Abbasov bildirib ki, layihənin məqsədi yerli QHT-lərdə, mediada çalışan gənclərlə Ukraynadakı gənclər arasında əməkdaşlığı gücləndirmək, bu ölkədə Azərbaycan həqiqətlərini təbliğ etmək, gənclərin beynəlxalq aləmə inteqrasiyasına nail olmaq, ölkəmizin turizm potensialını dünyaya nümayiş etdirməkdir. Bu gün Azərbaycanda Ukrayna diasporunun fəaliyyəti üçün hər cür şərait yaradılıb. Eyni münasibəti biz Ukrayna xalqından da görürük.
Qeyd olunub ki, Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyub. Bu layihə əslində Azərbaycan-Slavyan Gənclərinin I Forumunun məntiqi nəticəsidir. Gələcəkdə eyni formatlı forumları digər slavyan ölkələrində də təşkil etmək nəzərdə tutulur.
Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşı Samir Allahverdiyev ikitərəfli əlaqələrimizin inkişafından danışıb. Ukraynanın Azərbaycan üçün strateji tərəfdaş olduğunu deyən S.Allahverdiyev əlaqələrimizin bu gün də inkişaf etdiyini vurğulayıb. O, səfirliyin Ukraynadakı səmərəli fəaliyyətindən danışıb və İrəvan xanlığı haqqında kitabı universitetə hədiyyə edib.
Gənclər Fondunun nümayəndəsi Rahim Rəhimov təmsil etdiyi qurumun fəaliyyətindən danışıb. Fondun icraçı direktoru Fərid Cəfərovun təbrikini Forum iştirakçılarına çatdıran R.Rəhimov Azərbaycanda son illər həyata keçirilən uğurlu gənclər siyasəti barədə məlumat verib.
Ukrayna Azərbaycanlıları Radasının baş katibi Seyid Qədiməliyev Azərbaycan diasporunun fəaliyyətindən, görülən işlərdən danışıb.
Kiyev Milli Texnologiya və Dizayn Universitetinin Tələbə Gənclər Təşkilatının rəhbəri Nataliya Lesyuta, Ukrayna Ali Radasının nümayəndəsi Mikola Kerivçik ölkələrində həyata keçirilən gənclər siyasətindən, proqramlardan, reallaşdırılan layihələrdən söhbət açıblar.
Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının rəhbəri Daməd Əsgərov, telejurnalist Fikrət Məmmədov və digərləri “Azərbaycan-Ukrayna: İkitərəfli əlaqələrin inkişafında gənclərin rolu”, “Azərbaycan-Ukrayna əlaqələrinin inkişafında medianın rolu” mövzularında sessiyalarda çıxış ediblər.
Forumun sonunda tədbirdə iştirak edən 65 gəncə sertifikat verilib və Ukrayna dilində “Qarabağ Azərbaycandır!” (Карабах це Азербайджан!) fləşmobu keçirilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev