AZƏRBAYCAN XALQI BAŞQA DİNLƏRƏ MÜNASİBƏTDƏ DÖZÜMLÜDÜR
İyunun 27-29-da Dünya Xalq İslam Rəhbərliyi Təşkilatı “İslamda dialoq” mövzusunda Parisdə növbəti beynəlxalq konfrans keçirmişdir. 29 ölkədən 100-ə yaxın din nümayəndələrinin iştirak etdiyi bu tədbirdə müasir dövrdə islam dini və onun ətrafında baş verən hadisələr, 2001-ci ilin 11 sentyabrında Amerikada törədilmiş terror aktından sonra İslama başqa don geydirilməsi cəhdləri, siyasi məfkurədən uzaq qaragüruhçu qüvvələrin İslam dini pərdəsi altında terror aktları həyata keçirməsi, Fələstin, Əfqanıstan və İraqda yaranmış vəziyyət, dini zümrəsindən asılı olmayaraq xalqlar arasında sülhün bərqərar olması və digər məsələlər geniş müzakirə edilmişdir. Konfransa dəvət olunmuş Qafqaz Müsəlmanları İdarəsinin sədri, Dünya Xalq İslam Rəhbərliyi Təşkilatı rəyasət heyətinin üzvü şeyxülislam hacı Allahşükür Paşazadə çıxış edərək ölkəmizdə dini durum, dinlərarası dialoq və münasibətlər barədə iştirakçılara ətraflı məlumat vermiş, azərbaycanlıların azsaylı xalqların nümayəndələri ilə mehriban şəraitdə yaşadığını, Azərbaycanda əsas üç konfesiyanın - islam, xristian və yəhudi konfesiyalarının dostcasına fəaliyyətlərini, tolerantlığın, xalqımızın başqa mədəniyyət və dinlərlə münasibətdə dözümlülüyünün yüksək səviyyədə olduğunu qeyd etmiş, dini azlıqlara xüsusi qayğı göstərilməsindən söz açmışdır. Şeyxülislam Amerikada yüzlərlə günahsız insanın ölümünə səbəb olmuş 11 sentyabr terror aktı ilə əlaqədar Qafqazın müsəlmanlar yaşayan şəhərlərində çoxsaylı etiraz tədbirləri keçirdiyini və bu hadisəni pisləyən qətnamələr qəbul edildiyini, Azərbaycanın beynəlxalqterrorizmə qarşı mübarizə aparan ölkələri birinci olaraq dəstəklədiyini bildirmişdir. O, Ermənistan-Azərbaycan münaqişəsinə toxunmuş, Ermənistanın bir terrorçu dövlət kimi ərazilərimizin 20 faizini işğal etdiyini, doğma torpaqlarından silah gücünə zorla çıxarılmış bir milyondan artıq məcburi köçkün və qaçqının ağır şəraitdə yaşadığını xüsusi vurğulamış, belə bir nüfuzlu təşkilata ölkəmizin haqq səsini dəstəkləməyə çağırmışdır. A.Paşazadə Fransa daxili işlər naziri Nikola Sarkozi, nazir Filip Dust-Blazi, Dünya Xalq İslam Rəhbərliyi Təşkilatının sədri Məhəmməd Şərif, Fransanın yeni təsis olunmuş müsəlman təriqəti milli şurasının sədri Dəlil Bubakr, Fransa Müsəlmanları Milli Federasiyasının sədri Məhəmməd Bəşəri və digər şəxslərlə konfrans çərçivəsində keçirdiyi görüşlərdə ölkədə aparılan islahatlar, mövcud dinlər arasında heç bir problemin olmaması barədə məlumat vermiş, Fransa və Azərbaycan arasında hərtərəfli əlaqələrin inkişafını yüksək qiymətləndirmişdir.Azərbaycanın Fransadakı səfiri Eleonora Hüseynova, Şeyxülislamı bu səfərdə müşayiət edən BDU-nun ilahiyyat fakültəsinin dekanı, AMEA-nın müxbir üzvü Vasim Məmmədəliyev və Şimali Qafqaz Müftiləri Koordinasiya Şurasının sədri müfti İsmayıl Verdiyev konfransın işində və görüşlərdə iştirak etmişlər.