AZƏRBAYCAN XARİCİ İŞLƏR NAZİRLİYİNİN NÜMAYƏNDƏ HEYƏTİ ANKARADA BİR SIRA SƏMƏRƏLİ GÖRÜŞLƏR KEÇİRMİŞDİR
Nümayəndə heyətinin Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi Yigit Alpdoğan və Xarici İşlər Nazirliyinin müşaviri Əli Tuyqan ilə keçirdiyi görüşlərdə ikitərəfli münasibətlərin perspektivləri müzakirə olunmuşdur.
İyunun 14-də nümayəndə heyətinin Türkiyə Baş nazirinin müavini, xarici işlər naziri Abdullah Gül ilə görüşü oldu. Onun səmimi salamlarını Prezident İlham Əliyevə və xarici işlər naziri Elmar Məmmədyarova çatdırmağı xahiş edən Abdullah Gül, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamına uyğun olaraq, iki qardaş ölkə arasında gündən-günə möhkəmlənən əməkdaşlığın və həmrəyliyin bundan sonra da davam etdirilməsinin zəruriliyini vurğuladı. O, iyunun 19-21-də Bakıda keçiriləcək çox mühüm tədbirdə - İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak edəcəyini bildirdi. İyulun 13-də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təntənəli açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakından şərəf duyacaqlarını vurğulayan Abdullah Gül dedi ki, bu layihənin başa çatması regionda irimiqyaslı layihələrin uğurla həyata keçirilə biləcəyini bir daha sübut etdi. Bu layihələrdən ən çox faydalanan qardaş Azərbaycan olacaqdır. Azərbaycan öz zəngin təbii sərvətlərini dünya bazarlarına çatdıracaq və artıq Ceyhan bir Azərbaycan limanı, habelə Azərbaycanın da sərhədi olmuşdur.
Abdullah Gül Qazaxıstanın da BTC-yə qoşulması ilə bağlı Prezident Nursultan Nazarbayevlə bu yaxınlarda keçirdiyi görüş barədə də məlumat verdi və Qazaxıstan neftinin bir qisminin bu kəmər vasitəsilə nəqlinin üç qardaş ölkənin daha da yaxınlaşmasına xidmət edəcəyini söylədi. Nazir Azərbaycanın iqtisadi, hərbi baxımdan və demokratiyanın inkişafı cəhətindən daha da güclənməsindən məmnunluğunu ifadə etdi.
Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın qeyri-konstruktiv mövqe tutmaqda davam etməsindən təəssüfləndiyini bildirən Abdullah Gül bu məsələdə Türkiyənin qardaş Azərbaycan xalqını daim dəstəkləyəcəyini bir daha vurğuladı.
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov dedi ki, Türkiyənin son zamanlar qazandığı uğurlar bizi sevindirir və həyata keçirilən birgə irimiqyaslı iqtisadi layihələr qardaş ölkələrimizin dünyada mövqeyini daha da gücləndirir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinə dair ölkəmizin mövqeyini hər zaman dəstəklədiyinə görə Türkiyə xalqına və dövlətinə təşəkkürünü bildirən xarici işlər nazirinin müavini ölkəmizin də Türkiyənin problemlərinə, xüsusilə qondarma “erməni soyqırımı” məsələsində rəsmi Ankaranın mövqeyinə həssaslıqla yanaşdığını və bu mövqeyi daim dəstəklədiyini vurğuladı.
Görüşdə ölkəmizin Ankaradakı səfiri Zakir Həşimov iştirak edirdi.