İDMAN
Azərbaycan yığması şahmat üzrə Avropa komanda çempionatında ikinci yeri tutur
Bakı, 13 noyabr (AZƏRTAC). Varşavada şahmat üzrə Avropa komanda çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, kişilərin turnirində 5 turdan sonra 9 komanda xalı toplamış Fransa yığması liderlik edir. Azərbaycan, Yunanıstan və Gürcüstan komandalarının hərəsi 8 xal toplamışdır, Macarıstan, Ukrayna, Rusiya, İngiltərə, Rumıniya və Ermənistan komandalarının hər birinin aktivində 7 xal vardır.
Qadınların çempionatında 10 komanda xalı toplamış Ukrayna şahmatçıları irəlidədir. Polşa və Gürcüstan komandalarının hərəsi 8 xal, Rusiya, İspaniya, Almaniya, Polşa və Ermənistanın hərəsi 7 xal toplamışdır, Azərbaycanın şahmatçı qızlarının aktivində 6 xal vardır.
Bu gün çempionatda istirahət günüdür.
Altıncı turda Azərbaycanın kişi şahmatçıları Gürcüstan nümayəndələri ilə görüşəcək, qadınlardan ibarət yığmamız isə Litva komandası ilə oynayacaqdır.
9 turdan ibarət olacaq çempionatda sonuncu turun oyunları noyabrın 17-də keçiriləcəkdir.