İDMAN
Azərbaycana səfər edən portuqaliyalı və xorvatiyalı velosipedçilər Bakıya çatıblar
Bakı, 10 iyun, AZƏRTAC
“Bakı-2015” ilk Avropa Oyunlarına velosipedlə” layihəsi çərçivəsində Azərbaycana səfər edən Portuqaliya və Xorvatiyadan olan velosipedçilər artıq Bakıdadırlar.
Portuqaliyalı velosipedçi Corc Kristovao aprelin 10-da ölkəsindən yola düşüb və ümumilikdə 7 min kilometrə yaxın məsafə qət edib. Xorvatiyada velosiped idmanının və turizmin təşviqi ilə məşğul olan, daha əvvəl Yay və Qış Olimpiadalarını qəbul edən Pekin, London və Soçi şəhərlərinə də səfərlər təşkil edən “Pedalinac” velosiped klubunun beş üzvü isə mayın 5-də yola çıxıb. Onların marşrutunun uzunluğu təxminən 4 min kilometrdir.
“Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsi, Azərbaycan Velosiped İdmanı Federasiyası, Portuqaliya Milli Olimpiya Komitəsi və Azərbaycanın Xorvatiyadakı səfirliyinin birgə təşəbbüsü əsasında keçirilən bu yürüşdə velosipedçilər səfər etdikləri ölkələrdə “Bakı-2015”-in təbliği ilə məşğul olaraq, yerli əhaliyə Avropa Oyunları barədə məlumat veriblər. Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndələri və müxtəlif yaş qrupları üzrə yığma komandalarımızın üzvlərinin müşayiəti ilə paytaxta daxil olan səfər iştirakçıları Dövlət Bayrağı Meydanında qarşılanıblar.
Azərbaycanda gördüklərinə heyranlığını bildirən portuqaliyalı Corc Kristovao qarşılanma mərasimindən çox məmnun olduğunu söyləyərək deyib: “Bizi belə qəbul etməyiniz həqiqətən də çox xoş oldu. Azərbaycanın Avropa Oyunlarına ev sahibliyi edəcəyini öyrəndikdən sonra belə qərar qəbul etdim ki, Portuqaliyadan Azərbaycana velosipedlə səyahətə çıxım və özümü Avropa Oyunlarının açılışına çatdırım. Gördüklərim məni bir daha əmin etdi ki, ölkəniz bu yarışı ən yüksək səviyyədə təşkil edəcək. Bizə göstərilən diqqət və qayğıya görə, Azərbaycan Velosiped İdmanı Federasiyasına dərin təşəkkürümü bildirirəm”.
Xorvatiyanın “Pedalinac” velosiped klubunun rəhbəri Mladen Qaçeşa isə ölkəmizdə gördüyü qonaqpərvərliyə heyran olduğunu vurğulayaraq deyib: “Belə qarşılanmanı heç gözləmirdim. Çox səyahətə çıxmışam, çox ölkədə olmuşam, amma belə qonaqpərvərliyi heç yerdə görməmişəm. Olduğumuz rayonlarda hamı bizə yaxınlaşır, səyahətimiz barədə maraqlanırdı. Özümüzü sanki nağıllar aləmində hiss edirik. Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən bizim üçün təşkil olunmuş qarşılanma, yolboyu müşayiət və ölkənizdə yaşadığımız xoşbəxt dəqiqələrə görə sizə dərin minnətdarlığımızı bildiririk”.