SİYASƏT
AZƏRBAYCANA SƏFƏR ƏRƏFƏSİNDƏ GÖRÜŞ
Aprelin 8-də Fransa Müdafiə Nazirliyinin nəzdindəki Milli Müdafiə üzrə Axtarışlar İnstitutunun rəhbərliyi Azərbaycan Respublikasının Fransadakı səfiri Eleonora Hüseynova ilə görüş keçirmişdir. Görüşdə Cənubi Qafqaz ölkələri üzrə tədqiqat qrupunun üzvləri iştirak etmişlər.
Tədqiqat qrupu nümayəndələrinin mayın birinci yarısında bu bölgəyə nəzərdə tutulan səfəri ərəfəsində keçirilmiş görüşdə səfir ölkəmizin tarixindən, qədim və zəngin mədəni irsindən, Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən və süqutunun səbəblərindən, keçmiş SSRİ məkanında respublikamızın keçdiyi yoldan söhbət açmış, Ermənistanın Azərbaycana ərazi iddiası ilə başladığı hərbi təcavüz, torpaqlarımızın 20 faizinin işğal olunması, həmin ərazilərdə xalqımıza məxsus hər şeyin məhv edilməsi, doğma yurdlarından didərgin düşmüş bir milyondan artıq soydaşımızın ağır şəraitdə yaşaması, münaqişənin sülh yolu ilə həlli sahəsindəki vəziyyət barədə məlumat vermişdir.
Azərbaycan diplomatı bildirmişdir ki, bütün bu çətinliklərə baxmayaraq, dünyanın tanınmış siyasi xadimi, Prezident Heydər Əliyevin rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitliyə nail olunmuşdur, uğurlu islahatlar aparılır, xarici investisiyaların cəlb edilməsi getdikcə artır, Azərbaycan dünya birliyinə inteqrasiya yolu ilə inamla irəliləyir.
Səfir daha sonra görüş iştirakçılarının neft müqavilələri, ayrı-ayrı əcnəbi neft şirkətlərinin fəaliyyəti, ekologiya, kənd təsərrüfatının inkişafı, qonşu dövlətlərlə münasibətlər, etnik qruplar və dinlə bağlı suallarına ətraflı cavab vermişdir.
Qrupun rəhbərliyi məzmunlu məlumata görə Azərbaycan diplomatına təşəkkürünü bildirmiş və institutun 50 illiyinə həsr olunmuş kitabı ona təqdim etmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris