AZƏRBAYCANDA BANK FƏALİYYƏTİNİN İNKİŞAFINA HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANSIN İŞTİRAKÇILARINA
Hamınızı ürəkdən salamlayır və Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində belə bir yüksək səviyyəli konfransın keçirilməsindən məmnun olduğumu bildirirəm. Bu konfransın keçirilməsini bütövlükdə Azərbaycanda radikal iqtisadi islahatların, o cümlədən bank islahatlarının uğurlarına diqqət və qiymət kimi dəyərləndirirəm.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra bazar iqtisadiyyatına keçməyi bəyan etmiş və bu yolda müsbət nəticələr əldə etmişdir. Ölkədə bazar münasibətlərinin formalaşmasında əhəmiyyətli nailiyyətlər qazanmış sahələrdən biri bank sistemidir. İndi Azərbaycanda iqtisadiyyata çeşidli beynəlxalq standartların tələblərinə cavab verən bank xidməti göstərilməkdədir. Xarici bank kapitalının da iştirak etdiyi müasir bank bazarının formalaşması bank sisteminə iş adamlarının, əhalinin, habelə xarici investorların inamını artırmışdır. Azərbaycan bankları öz fəaliyyətlərində şəffaflıq prinsiplərini rəhbər tutur, korporativ idarəetmə mədəniyyətini daim yüksəldir.
Azərbaycanda iqtisadi inkişafın yeni mərhələsi milli bank sisteminin inkişafı üzrə yeni vəzifələr irəli sürür. Onun iqtisadiyyata daha geniş maliyyə xidmətinin göstərilməsində, xüsusilə kiçik və orta sahibkarlığın maliyyə ehtiyacının ödənilməsində rolu artırılmalı, milli bank sisteminin etibarlılığı və dayanıqlılığı daha da möhkəmləndirilməli, rəqabət mühiti yaxşılaşdırılmalı, bank işinin dünya bank sisteminə inteqrasiyası şəraitində qloballaşmanın çağırışlarına hazır olmalıdır. Ümidvaram ki, konfransın işi məhz bu mühüm problemlərin həlli yollarının müəyyən olunmasında çox faydalı olacaqdır.
Biznes və bank ictimaiyyəti əmin ola bilər ki, Azərbaycan dövləti bundan sonra da bank sisteminin inkişafına və islahatların davam etdirilməsinə öz zəruri dəstəyini verəcək və bu istiqamətdə beynəlxalq maliyyə-kredit institutları ilə əməkdaşlığı inkişaf etdirəcəkdir.
Konrfransın işinə uğurlar diləyir və hər birinizə işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 12 noyabr 2003-cü il.