CƏMİYYƏT
“Azərbaycanda icbari tibbi sığorta mexanizmlərinin gücləndirilməsi” tvininq layihəsinin birinci komponenti üzrə görüş keçirilib
Bakı, 13 sentyabr, AZƏRTAC
“Azərbaycanda icbari tibbi sığorta mexanizmlərinin gücləndirilməsi” tvininq layihəsi çərçivəsində seminar keçirilib. Seminar əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin etmək üçün icbari tibbi sığorta sisteminin hüquqi və institusional bazalarının gücləndirilməsini əhatə edən layihənin birinci komponenti üzrə keçirilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, seminarda agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, aidiyyəti departamentlərin nümayəndələri, Litva Respublikasının Dövlət Tibbi Sığorta Fondunun Hüquq departamentinin rəhbərinin müavini Evelina Qalçiute və Fondun Hüquq şöbəsinin rəhbəri Tomas Ragauskas, Tvininq layihəsinin rezident müşaviri Qediminas Çerniauskas iştirak ediblər.
Təqdimatla çıxış edən litvalı ekspertlər öz ölkələrinin səhiyyə sistemi, səhiyyə qurumlarının fəaliyyət istiqamətləri, xidmətlər zərfinin formalaşdırılması və tibb təchizatçıları ilə müqavilələrin bağlanması meyarları haqqında ətraflı məlumat veriblər.
Tvininq layihəsi Avropa İttifaqının maliyyə dəstəyi, Litva Respublikasının Səhiyyə Nazirliyi nəzdində Dövlət Tibbi Sığorta Fondu və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilir.
Layihənin məqsədi Avropanın qabaqcıl təcrübələrinə uyğun olaraq ölkəmizdə səhiyyə xidmətlərinin keyfiyyətinin və əlçatanlığının yaxşılaşdırılmasına dəstək olmaqla Azərbaycanda dövlət səhiyyə sektorunun dayanıqlılığının gücləndirilməsinə töhfə verməkdir.
Məlumat üçün bildiririk ki, 2017- 2019-cu illərdə Avropa İttifaqının maliyyə dəstəyi ilə “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvininq layihəsi icra olunub. Hazırda icrasına başlanılan “Azərbaycanda icbari tibbi sığorta mexanizmlərinin gücləndirilməsi” tvininq layihəsi əvvəlki layihənin II mərhələsi kimi davam etdirilir.