AZƏRBAYCANDA İKT–NİN TƏHSİL SİSTEMİNƏ TƏTBİQİ İLƏ BAĞLI MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNMUŞDUR
Avqustun 4-də Təhsil Nazirliyində Koreya Respublikasının informasiya-kommunikasiya texnologiyaları (İKT) şirkətlərinin nümayəndələri ilə görüş keçirilmişdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, görüşün əsas məqsədi Koreya Respublikasının ölkəmizdə İKT sahəsində aparılan işlərə yardım göstərməsi, bu texnologiyaların təhsil sisteminə tətbiqi və əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi olmuşdur.
Son illər Azərbaycan ilə Koreya Respublikası arasında ikitərəfli əlaqələrin daha da yaxşılaşdığını söyləyən nazir Misir Mərdanov bu əməkdaşlığın ölkələrimizin prezidentlərinin qarşılıqlı səfərlərindən sonra sürətlə inkişaf etdiyini vurğulamışdır. O, “DAEWOO” şirkətinin Azərbaycanda Ali Texniki Peşə Təhsili Mərkəzinin yaradılması üzrə müvafiq tədbirlər həyata keçirdiyini diqqətə çatdırmışdır.
Sonra nazir Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq görüləcək işlərdən danışmışdır. Bildirmişdir ki, proqrama əsasən bu il Bakı və Sumqayıtda bütün məktəblərin internet şəbəkəsinə qoşulması, DATA-Mərkəzin yaradılması nəzərdə tutulmuşdur. Nazir ötən tədris ilində “Elektron məktəb” layihəsi istiqamətində həyata keçirilən tədbirlərdən, orta məktəblərin kompyuterləşdirilməsi sahəsində atılan addımlardan söz açmışdır.
“Korea Digital Technology” şirkətinin, eləcə də nümayəndə heyətinin rəhbəri Bin Eok Li öz ölkəsində İKT-nin tətbiqi üzrə görülən işlər, həyata keçirilən layihələr barədə iştirakçılara ətraflı məlumat vermişdir. Qonaq Azərbaycanda bu sahənin inkişafına yardım göstərməyə hazır olduqlarını qeyd etmişdir.
Görüşdə Koreya Respublikasından gətiriləcək avadanlıqla Azərbaycanın bir neçə peşə təhsili müəssisəsində yeni kompyuterlərin yığılması, bununla əlaqədar koreyalı mütəxəssislərin Bakıya səfərinə dair müzakirələr aparılmışdır.