Azərbaycanda ilk "Avtomaks" cihazı təqdim olunub
Bakı, 27 yanvar, AZƏRTAC
Yanvarın 27-də "Azercell Telekom" MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində fəaliyyət göstərən "Sumaks" şirkətinin hazırladığı "Avtomaks" cihazının təqdimatı keçirilib.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, "Azercell"in Strateji Partnyorluq və Müştəri Kanalları departamentinin direktoru İmran Bağırovun sözlərinə görə, ağıllı telefonlar, CihazdanCihaza (M2M) və sürətli internet texnologiyalarının inkişafı bizim həyatımızın standartlarını dəyişib və bu proses daha da sürətli şəkildə irəli gedir. Bu cihazlar insanların bir-biri ilə əlaqəsini təmin edən cihazdan daha çox insanın gündəlik köməkçisinə çevrilib. Bir çox sahələrdə istifadə olunan smartfonlar həm də "Əşyaların internetində" (IoT) - "Ağıllı ev" konsepsiyasında əsas vasitələrdən biridir.
Tədbirdə bildirilib ki, "Avtomaks"ın əsas məqsədi avtomobilin təhlükəsizliyini təmin etmək və ona nəzarəti həyata keçirməkdən ibarətdir. Qurğu avtomobil və sürücü haqqında əsas məlumatları yaddaşda saxlayır. Bura maşının markası, buraxılış ili, texniki vəziyyəti, o cümlədən sürücünün şəxsiyyəti haqqında zəruri bilgilər daxildir. Cihaz maşınla əlaqədar bir sıra informasiyaları mütəmadi olaraq sahibinə ötürür. Bu zaman bütün sutka boyunca avtomobilin dayanma anını, getdiyi məsafəni, olduğu yerləri izləmək mümkündür. Proqram maşının sığortasının vaxtı bitdikdə, yağının dəyişmə zamanı çatdıqda müvafiq xəbərdarlıq edir.
"Avtomaks" sürücülər üçün aktual olan digər məsələlərdə də köməyə gəlir. Belə ki, avtomobilin evakuator tərəfindən aparılması, yaxud oğurluq hallarında da sahibinə dərhal məlumat verilir. "Avtomaks" vasitəsilə hər gün maşının getdiyi yol, sürət həddinə nəzarəti, yanacaq sərfi, təyin olunmuş radiusa nəzarət etmək mümkündür.
"Sumaks" şirkətinin direktoru Cavid Məmmədov diqqətə çatdırıb ki, yeni layihə Azərbaycan bazarında böyük rəqabət potensialına malikdir. Çünki "Avtomaks" tam yerli məhsuldur və buna görə də qiyməti xaricdən gətirilən oxşar cihazlardan kifayət qədər fərqlənir. Bundan əlavə, cihaz daha çox funksiyaya malikdir. Ümumilikdə, "Sumaks"ın ən əsas fəaliyyət dairəsi ilk yerli təhlükəsizlik, komfort və idarəetmə sistemləri yaratmaqdan ibarətdir. Şirkət ilkin olaraq "Ağıllı Ev" texnologiyasını yaradıb. İndi isə avtomobillərin təhlükəsizliyi üçün nəzərdə tutulmuş "Avtomaks" cihazı ilə fəaliyyətini davam etdirir. "Sumaks" dünya təcrübəsində istifadə olunan yüksək texnologiyalardan yararlanmaqla Azərbaycana məxsus olan cihazların yerli istehsalını təşkil edir. Cavid Məmmədov layihənin ərsəyə gəlməsində dəstək olan "Bank BTB", İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Müdafiə Sənayesi Nazirliyinin Peyk Zavodu və "Azercell Telekom" MMC-yə təşəkkürünü bildirib və hazırkı şəraitdə ölkəmiz üçün olduqca mühüm olan qeyri-neft sektorunun, yerli istehsalın inkişafında "Sumaks"ın bundan sonra da faydalı işlər görəcəyini vurğulayıb.