İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub
Bakı, 14 iyun, AZƏRTAC
İçərişəhərdə tatar xalqının ənənəvi milli bayramı olan “Sabantuy” təntənəli şəkildə qeyd edilib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu tərəfindən təşkil edilən və Azərbaycan ilə Tatarıstan xalqları arasında dostluğun və mədəni əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş “Xəzər Sabantuyu” tədbiri Bakı sakinləri və paytaxtın qonaqlarının böyük marağına səbəb olub.
AZƏRTAC xəbər verir ki, əməyi, birliyi və bərəkəti simvolizə edən “Sabantuy” festivalı Azərbaycan milli rəqslərinin ifası ilə başlayıb. Daha sonra tatar xalqının adət-ənənələrini, kənd həyatını və əmək qaydalarını əks etdirən səhnəciklər nümayiş etdirilib. “Axşam oyunları”, “Yaz əkinləri”, “Hədiyyələrin toplanması” və “Sabantuyun qonaqları” tamaşaları qonaqları tatar xalqının zəngin mədəni irsi ilə tanış edib.
Gün boyu təqdim olunan bədii proqramında Azərbaycan və Tatarıstandan olan yaradıcı kollektivlər, eləcə də digər türk xalqlarının nümayəndələri çıxış ediblər.
Bu bayramı fərqləndirən əsas əlamətlər - insanların mehribanlığını, qədim tarixə malik tatar xalqının sevinməyə və şənlənməyə haqqı olduğunu nümayiş etdirmək idi. Tolerantlığın hökm sürdüyü Azərbaycanda “Sabantuy”un sərbəst, istənilən səviyyədə qeyd olunması müstəqil dövlətimizi özünə vətən seçmiş tatarların Azərbaycana sevgi və məhəbbətinin tərənümünə çevrilib.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva çıxış edərək “Sabantuy” bayramının rifah, firavanlıq və xalqların birliyini simvolizə edən qədim türk bayramı olduğunu qeyd edib. Ombudsman millətlərarası harmoniya və qarşılıqlı hörmət mühitinin qorunmasının vacibliyini vurğulayıb və qeyd edib ki, Azərbaycanda millətindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq hər bir insanın hüquqlarının qorunması təmin edilir.
Açılış mərasimində Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun “Sabantuy” festivalının iştirakçılarına və qonaqlarına ünvanladığı salamlama müraciətini oxuyub. Müraciətdə festivalın tatar xalqının ruhunu əks etdirdiyi, əməksevərliyin, nəsillərin davamlılığının və ənənəvi dəyərlərə hörmətin simvolu olduğu qeyd edilib. Həmçinin “Sabantuy”un müxtəlif millətlərdən və dinlərdən olan insanları birləşdirdiyi, dostluğun, qarşılıqlı anlaşmanın və mədəni dialoqun möhkəmlənməsinə töhfə verdiyi vurğulanıb.
Qeyd edək ki, gün boyu davam edən bayram proqramı konsert çıxışları, səhnəciklər və folklor kompozisiyaları ilə yekunlaşıb.