Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH
Bakı, 14 iyun, AZƏRTAC
Müstəqilliyin ilk illərində Azərbaycanda yaranmış böhran dövlətçiliyin itirilməsi riskini daha da artırmışdı. Məhz belə bir şəraitdə xalqın təkidli tələbi ilə görkəmli dövlət xadimi Heydər Əliyev Bakıya dəvət olundu və 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu hadisə ölkədə siyasi sabitliyin bərpası istiqamətində atılan ən strateji addım oldu. Tarix göstərdi ki, həmin dövrdə xalqın ümid yeri məhz Ümummilli Lider Heydər Əliyev idi. Ulu Öndərin rəhbərliyi ilə qısa müddətdə vətəndaş qarşıdurmasının qarşısı alındı, dövlət idarəçiliyində nizam-intizam təmin edildi və müstəqil Azərbaycanın gələcək inkişafının əsasları formalaşdırıldı. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycan xalqına xidmət etməkdən ibarət olub” deyirdi Ümummilli Lider. Sonradan bu tarixi günün Milli Qurtuluş Günü elan edilməsi də həmin siyasi hadisələrin dövlətçilik tariximizdəki əhəmiyyətinin göstəricisidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
O bildirib ki, Milli Qurtuluş Günü Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi baxımından da mühüm rol oynadı. Həyata keçirilən neft strategiyası, hüquqi dövlət quruculuğu, iqtisadi islahatlar və xarici siyasətdə əldə olunan uğurlar məhz 1993-cü ildə başlanmış sabitlik mərhələsinin nəticəsi idi.
Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, Azərbaycanın müasir inkişafının təməlində Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs dayanır. Dövlətimizin başçısı da qeyd etdiyi kimi, Heydər Əliyev Azərbaycanın xilaskarıdır. Onun siyasəti nəticəsində Azərbaycan inkişaf, sabitlik və tərəqqi yoluna çıxmışdır. Məhz bu siyasətin nəticəsi olaraq Azərbaycan qısa müddətdə beynəlxalq münasibətlər sisteminin etibarlı və nüfuzlu üzvünə çevrildi. 1993–2003-cü illərdə həyata keçirilən siyasi və iqtisadi islahatlar ölkənin davamlı inkişafının təməlini qoydu. Bu gün Azərbaycanın qazandığı uğurların əsasında da həmin dövrdə formalaşdırılan dövlətçilik modeli dayanır.
N.Məmmədova qeyd edib ki, Ümummilli Liderin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın iqtisadi qüdrətinin artması, beynəlxalq mövqelərinin möhkəmlənməsi, müasir ordu quruculuğu və milli maraqların qətiyyətlə müdafiəsi bu siyasətin uğurlu nəticələridir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər, 2023-cü ildə suverenliyin bərpası da Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin davamlılığının və dövlətçilik strategiyasının məntiqi nəticəsi idi.
15 İyun - Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixinə həm də gələcəyin rəmzi kimi yazıldı. Bu şərəfli tarix xalqımızın birlik, həmrəylik və güclü liderlik ətrafında birləşərək ən çətin sınaqlardan qalib çıxmasının təcəssümüdür.
Hazırda Azərbaycan orta güc kimi yeni inkişaf mərhələsinə qədəm qoyub. Beynəlxalq münasibətlər sistemində “orta güc” statusu dövlətin iqtisadi potensialı, siyasi nüfuzu, hərbi imkanları və regional proseslərə təsir qabiliyyəti ilə ölçülür. Azərbaycan son illərdə enerji diplomatiyası, nəqliyyat layihələri, humanitar təşəbbüslər və balanslaşdırılmış xarici siyasəti sayəsində məhz belə dövlətlər sırasına yüksəlməyi bacarıb. Qazanılan bütün nailiyyətlərin əsasında isə 1993-cü iyun 15-də başlanmış qurtuluş və dövlətçilik yolu dayanır.
Bu əlamətdar gün gələcək nəsillərə müstəqilliyin qorunmasının, güclü dövlət quruculuğunun və milli həmrəyliyin əhəmiyyətini xatırladır.
“Beləliklə, 33 il əvvələ baxdıqda bir daha əmin oluruq ki, Milli Qurtuluş Günü Azərbaycanın yalnız böhrandan çıxışının deyil, həm də müasir inkişaf modelinin təməlinin qoyulduğu tarixdir. Ölkəmizin siyasi sabitliyi, iqtisadi qüdrəti və beynəlxalq nüfuzu göstərir ki, 1993-cü il iyunun 15-də qəbul edilmiş qərarlar müstəqil Azərbaycan dövlətinin gələcəyini müəyyənləşdirən strateji dönüş nöqtəsi olmuşdur. Məhz bu səbəbdən Milli Qurtuluş Günü Azərbaycanın inkişaf salnaməsində və orta gücə çevrilməsi yolunda mühüm mərhələdir”, - deyə deputat diqqətə çatdırıb.