CƏMİYYƏT
Azərbaycanda kiberdələduzluqla bağlı müraciətlərin sayında azalma müşahidə edilir - EKSKLÜZİV
Bakı, 16 sentyabr, Aytac Haqverdiyeva, AZƏRTAC
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) tərəfindən aparılan tədbirlər nəticəsində əvvəlki aylarla müqayisədə kiberdələduzluqla bağlı müraciətlərin sayında azalma müşahidə edilir.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, kiberdələduzluqla mübarizə çərçivəsində DİN tərəfindən əməliyyat-texniki tədbirlərlə yanaşı mütəmadi olaraq maarifləndirmə, təbliğat-təşviqat işləri də həyata keçirilir.
“Vətəndaşların bank kartlarındakı vəsaitlərinin qorunması, oğurlanmaması üçün DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələri ilə yanaşı kiberssenarilərin vətəndaşlara çatdırılması üçün bu platformalarda “Kiberinfo” adlı səhifələr yaradılaraq məlumatlandırma üçün istifadəyə təqdim edilib. Həmçinin “Avto FM” radiosunda eyniadlı veriliş də yayımlanır. Bu isə vətəndaşları daha diqqətli olmağa səsləyir.
Mübarizə tədbirləri çərçivəsində ərazi polis orqanları tərəfindən əsasən yaşlı nəslin nümayəndələri ilə də mütəmadi söhbətlər aparılır, üzləşə biləcəyi hallarla bağlı məlumatlar verilir.
Vətəndaşlar kiberdələduzluqla üzləşməmək üçün sadə qaydalara əməl etməlidir. Əmin olmadığınız linklərə daxil olaraq orada yerləşən müvafiq xanaları doldurmaqla dələduza kartınızdakı vəsaitin oğurlanması üçün yardımçı olursunuz. Həmçinin tanımadığınız şəxsə kart məlumatlarını, yəni kartın üzərindəki 16 rəqəmli kodu, CVV, 3D təhlükəsizlik kodu və kartın bitmə tarixini verməyiniz saniyələr içərisində maddi vəsaitinizin oğurlanmasına gətirib çıxarır. Sosial şəbəkələrdə saxta vədlər verən səhifələrə daxil olaraq etibarınızdan sui-istifadə edən şəxslərə inanaraq verdiyiniz məlumatlar nəticədə sizi kiberdələduzluğun qurbanına çevirir, - deyə DİN-dən bildirilib.