Azərbaycanda mədəniyyət sisteminin rəqəmsallaşdırılması istiqamətində görülən əsas işlər açıqlanıb
Bakı, 15 may, AZƏRTAC
Son illərdə mədəniyyət sisteminin rəqəmsallaşdırılması istiqamətində kifayət qədər yeniliklər edilib, yeni xidmətlər istifadəyə verilib. Ən başlıcası 2024-2026-cı illəri əhatə edən e-Culture Rəqəmsal İnkişaf Strategiyası Mədəniyyət Nazirliyinin fəaliyyət istiqamətlərinə aid olan demək olar bütün sahələrin rəqəmsallaşdırımasını nəzərdə tutur.
Bunu AZƏRTAC-a eksklüziv müsahibəsində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli bildirib.
Nazir qeyd edib ki, artıq bu strategiyanın əksər istiqamətləri uğurla icra olunur. O deyib: “Məsələn, artıq iki muzey fondumuz - Azərbaycan Milli İncəsənət Muzeyinin və Dövlət Rəsm Qalereyasının əsas və əlavə fondları tam şəkildə rəqəmsallaşdırılaraq Vahid Mədəniyyət Reyestrinə daxil edilib. Bundan başqa, Milli İncəsənət Muzeyinin 18 min əsəri rəqəmsallaşdırılıb, onun əsasında 50 mindən çox məlumat və rəqəmsal informasiya vahid mədəniyyət reyestrinə daxil edilib.
Rəqəmsallaşma sahəsində digər məsələ Vahid Mədəniyyət Reyestridir (VMR) ki, artıq ölkənin istənilən bölgəsindəki maddi-mədəni abidələr və ya obyektlərlə bağlı aidiyyəti məlumatlar həm vizual, həm də geniş databazası ilə əlçatandır. Reyestrdə daşınmaz, daşınar abidələr, mədəni sərvətlər, mədəniyyət müəssisələri və digər kateqoriyalar üzrə alt-sistemlər formalaşdırılmaqdadır.
“MyCulture” platforması üzrə 6 dövlət qurumu ilə 50-dən çox məlumat həddi inteqrasiya edilib. 2025-ci ildə “Myculture” vahid şəxsi kabinet üzərindən 7 xidmət tamamilə rəqəmsal formatda istifadəyə verilib”.