CƏMİYYƏT
Azərbaycanda məhkəmə sisteminin müasirləşdirilməsi üzrə aparılan islahatların mütərəqqi nəticələri yüksək qiymətləndirilir
Bakı, 17 iyul (AZƏRTAC). Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
Şuradan AZƏRTAC-a bildiriblər ki, iclasda məhkəmə sisteminin müasirləşdirilməsi üzrə aparılan islahatların mütərəqqi nəticələri vurğulanıb, əldə edilmiş nailiyyət və müsbət təcrübələrin dünyanın nüfuzlu hüquq təsisatları, o cümlədən Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyası tərəfindən yüksək dəyərləndirildiyi qeyd olunub.
Məhkəmə hakimiyyətinin müstəqilliyinin daha da gücləndirilməsi üzrə islahatların Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə intensiv davam etdirildiyi bildirilib. Ötən ay məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyə mütərəqqi dəyişikliklər olunaraq məhkəmə hakimiyyətinin özünüidarə səlahiyyətlərinin genişlənməsi, hakimlərin fəaliyyətinə kənar müdaxilənin qarşısının alınması və məhkəmələrin maliyyə müstəqilliyinin təmininin əlavə mexanizmlərinin təsbit edilməsi, hakimlərin təminatının yaxşılaşdırılması vurğulanıb.
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda yeni qanunvericilikdən irəli gələn məsələlər və bu sahədə Şuranın vəzifələri müzakirə olunub, yeni normaların məhkəmə hakimiyyətinin müstəqilliyinin daha da güclənməsində mühüm rolu qeyd edilib.
Həmçinin, iclasda hakimlər barədə intizam icraatlarına baxılıb, vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiyaya şərait yaradan hallara yol verdiyinə və qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Qazax Rayon Məhkəməsinin hakimi Elnur Cəbiyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qərara alınıb, habelə yol-nəqliyyat hadisələri ilə əlaqədar cinayət işlərinə baxılarkən qanunvericiliyin tələblərini pozduqlarına görə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Qasımova və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Nuru Quliyevə irad tutulub, vətəndaşların haqlı narazılığına səbəb olan ciddi nöqsanlara, o cümlədən süründürməçilik hallarına yol verdiklərinə görə altı digər hakim barədə intizam icraatı başlanılıb.