Azərbaycanda Meksika istehsalı olan avtomobillərin sayı artır
Bakı, 7 may, AZƏRTAC
Meksikada istehsal olunan avtomobillərin Azərbaycanda iştirakı əhəmiyyətli dərəcədə artır.
Meksikanın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, 2016-cı ildə 5 nəqliyyat vasitəsi idxal olunub, 2017-ci ildə bu rəqəm 100-dən çox, 2018-ci ildə isə 600-ü ötüb və nəhayət 2019-cu ildə Azərbaycana 1467 ədəd Meksika istehsalı olan nəqliyyat vasitəsi idxal edilib.
Son illərdə Meksikada istehsal olunan avtomobillərin Azərbaycan bazarında iştirakı əhəmiyyətli dərəcədə artıb. Bakıda Meksika səfirliyinin açılmasından etibarən sözügedən nəqliyyat vasitələrinin Azərbaycan tərəfindən idxal olunmasının əhəmiyyətli artımında bu vəziyyət müsbət şəkildə əks olunur. Bu xüsusda 2019-cu ildə üç kateqoriya üzrə Meksikada istehsal olunmuş nəqliyyat vasitələri Azərbaycana ən çox ixrac edilən Meksika məhsulu kimi və böyük artım imkanları ilə qeydə alınıb.
Növbədə gələn qrafiklərdə göstərildiyi kimi, Azərbaycan tərəfindən idxal olunan əsas kateqoriyaya 1000-1500 kubsantimetr mühərrikli avtomobillər daxildir. 2018-ci il illə müqayisədə 2019-cu ildə bu növ avtomobillərin artımı 529,17 faiz olub. 1500-3000 kubsantimetr mühərrikli avtomobillərdə də artım müşahidə edilib. Əsasən Azərbaycanın turizm sektorunda istifadə olunan bu növ nəqliyyat vasitələrinin Meksikadan ixracı öncəki illə müqayisədə 55,33 faiz çoxalıb. Sözügedən dövrlə müqayisədə isə 1000 kubsantimetrə qədər mühərriki olan nəqliyyat vasitələrinin ixracı isə 440 faiz artıb.

Azərbaycanda turizm sektorunun yüksəlməsinə uyğun olaraq Meksika istehsalı olan 1500-3000 kubsantimetr mühərrikli nəqliyyat vasitələrinə tələbatın artmaqda davam edəcəyi gözlənilir.
2019-cu ildə Meksika bütün dünyaya “Nissan”, “General Motors”, “Volkswagen”, “Toyota”, “Kia”, “Honda”, “Mazda”, “Ford” və digər şirkətlərə aid 3,3 milyon avtomobil ixrac edib.