SİYASƏT
Azərbaycanda qadınların ictimai-siyasi həyatda roluna geniş yer verilməsi təqdirəlayiq haldır
Bakı, 11 noyabr (AZƏRTAC). Azərbaycanda qadınların ictimai-siyasi həyatda roluna geniş yer verilməsi təqdirəlayiq haldır. İstənilən cəmiyyətin tərəqqisi üçün kişi və qadınların birgə çalışması mühümdür.
Bu sözləri Bakıda keçirilən İslam Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESCO) uşaq məsələləri üzrə məsul nazirlərinin IV konfransının iştirakçısı Uqandanın Gender Əmək Sosial İnkişaf Nazirliyinin əməkdaşı Kaboqoza Sembatya Ceyms AZƏRTAC-a müsahibəsində demişdir.
Azərbaycanın iqtisadi inkişafının gündən-günə sürətləndiyini söyləyən Kaboqoza Sembatya Ceyms ölkəmizin Uqanda Respublikası, eləcə də Şərqi Afrika dövlətləri ilə əlaqələrinin genişlənməsinin əhəmiyyətindən danışmışdır.
Qonaq bu mötəbər tədbirin Azərbaycanda keçirilməsini yüksək qiymətləndirərək demişdir: “Burada iştirak edən qonaqlar, ekspertlər, ictimai-siyasi xadimlər yalnız regional problemləri deyil, qlobal məsələləri də müzakirə edirlər. Biz müxtəlif mədəniyyətlərdən ibarət cəmiyyətləri təmsil edirik və bu tədbirin təcrübələrin mübadiləsi baxımından əhəmiyyəti əvəzolunmazdır”.
Kaboqoza Sembatya Ceyms konfransda müzakirə olunan mövzuların bəşəriyyətin gələcəyi naminə atılacaq addımların müəyyənləşdirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirmişdir.