Azərbaycandakı türkiyəli iş adamları və xeyriyyə təşkilatları aztəminatlı ailələrə ərzaq yardımı göstəriblər
Bakı, 29 aprel, AZƏRTAC
Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamları və xeyriyyə təşkilatları Ramazan ayı və koronavirus pandemiyası ilə əlaqədar ərzaq yardımı göstəriblər.
Türkiyənin Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycandakı nümayəndəliyi Ramazan ayının ilk günlərində koronavirus (COVID - 19) epidemiyasından zərər görən yaşlı, aztəminatlı və ehtiyacı olan 800 ailəyə ərzaqlar və təmizlik ləvazimatları paylayıb.
MÜSİAD-ın Azərbaycan nümayəndəliyinin vitse-prezidenti Sait Yinanç iş adamları olaraq ehtiyac olan şəxslərə kömək göstərməyi özlərinə borc bildiklərini və buna görə yardım kampaniyası başlatdıqlarını söyləyib. O, yardım fəaliyyətlərini davam etdirəcəklərini vurğulayıb.
Eyni zamanda, türkiyəli xeyriyyəçilər tərəfindən qurulan və uzun illərdir Bakıda fəaliyyət göstərən Gəncliyə Yardım Fondu tərəfindən də 1000 ailəyə həm qida, həm də təmizlik ləvazimatları olan yardım bağlamaları paylanıb.
Fondun prezidenti Əhməd Tecim hər il qardaşlıq və paylaşma ayı olan Ramazan ayında təşkilatın humanitar yardımlarını artırdıqlarını bildirib. O qeyd edib ki, xüsusilə epidemiya səbəbiylə küçəyə çıxa bilməyən yaşı 65-dən yuxarı olan insanlar, eləcə də digər ehtiyacı olanlara yardım göstərilir.
Bütün dünyanın pandemiya təhlükəsindən qısa müddətdə xilas olacağına ümid edən Ə.Tecim Türkiyədən yardım göndərən xeyriyyəçilərə minnətdarlığını bildirib.