SİYASƏT
Azərbaycandan Avropaya qaz nəqli ABŞ paytaxtında müzakirə edilmişdir
Vaşinqton, 11 aprel (AZƏRTAC). ABŞ Dövlət Departamentinin beynəlxalq energetika məsələləri üzrə xüsusi nümayəndəsi və əlaqələndiricisi Karlos Paskual Corctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa Araşdırmaları Mərkəzinin təşkil etdiyi “Energetika və Avrasiyada təhlükəsizlik məsələləri” mövzusunda konfransda məruzə ilə çıxış etmişdir.
K.Paskual vurğulamışdır ki, “Avropanın qazla təchizatının yeni mənbəyi ortaya çıxsa, bu mənbə Azərbaycan olacaqdır”. O, “Nabucco-West” boru kəməri və ya Türkiyə sərhədlərindən başlayan Transadriatik qaz kəməri ilə qaz nəqlinin alternativ yolları barədə danışarkən bildirmişdir ki, “ABŞ kommersiya baxımından sərfəli olan marşrutu dəstəkləyəcəkdir. Biz sonunda Şərqi Avropaya qaz gətirib çıxaracaq bütün variantları dəstəkləyirik. Transadriatik qaz kəməri seçilsə, şirkətlər Bolqarıstanda birləşdirici boru kəmərinin inşası məsələsinin ciddi müzakirəsini davam etdirəcəklər”.
K.Paskual auditoriyanı əmin etmişdir ki, Cənub dəhlizi layihəsi ABŞ üçün prioritet olaraq qalmaqdadır və Birləşmiş Ştatlar hökuməti Transanadolu qaz kəmərini layihəsini dəstəkləməkdə davam edəcəkdir. K.Paskual demişdir: “Bu, həmin məsələlərdə böyük təcrübəsi olan Riçard Morninqstarın Azərbaycana səfir təyin edilməsinin səbəblərindən biridir”.
Yusif Babanlı
Vaşinqton