İQTİSADİYYAT
Azərbaycanın Baş naziri Artur Rasizadə növbəti müddətə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib
Bakı, 2 iyun, AZƏRTAC
Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclasında Azərbaycanın Baş naziri Artur Rasizadə növbəti müddətə ARDNF-in Müşahidə Şurasının sədri seçilib.
ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın Baş naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən növbəti iclasda Fondun 2014-cü ildə maliyyə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri və ARDNF-in ötənilki büdcəsinin icrası məsələlərinə baxılıb.
Müşahidə Şurası Dövlət Neft Fondunun İcraçı direktorunun təqdim etdiyi Fondun 2014-cü ildəki fəaliyyəti haqqında illik hesabatına, Fondun ötən ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“Praysvoterhauskupers Audit Azərbaycan” MMC) hesabatına baxaraq onları məqbul hesab edib və ARDNF-in 2014-cü il büdcəsinin icrası layihəsini təsdiq edilmək üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə qərar qəbul edilib.
İclasda Azərbaycanın Baş naziri Artur Rasizadə növbəti müddətə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib.