“Azərbaycanın bloklara qoşulmaması” adlı hesabat nəşr olunub
Bakı, 22 sentyabr, AZƏRTAC
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Azərbaycanın Qoşulmama Hərəkatında iştirakı haqqında ingilis dilində hesabat hazırlayıb.
BMTM-in Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hesabatda ölkəmizin Qoşulmama Hərəkatında iştirakı, bunun Azərbaycanın xarici siyasətində rolu, mövcud geosiyasi gərginlik vəziyyətində ölkəmizin Qoşulmama Hərəkatına sədrliyinin əhəmiyyəti və sair haqqında tədqiqat aparılıb, eyni zamanda, beynəlxalq münasibətlərdə qoşulmama strategiyasının nəzəri əsasları təqdim edilib.
Hesabatda bildirilir ki, onilliklər ərzində Azərbaycanın beynəlxalq tərəfdaşları ilə qarşılıqlı əlaqələrinin əsası balanslaşdırılmış, çoxşaxəli xarici siyasətin davam etdirilməsi və bütün hərbi-siyasi bloklarla bərabər məsafədə olması ilə müəyyən edilib. Azərbaycanın 2011-ci ildə Qoşulmama Hərəkatına (QH) üzv olması da bu siyasətin davamıdır. Azərbaycanın Qoşulmama Hərəkatı ilə o qədər də dərin tarixi əlaqələri olmasa da, son illər beynəlxalq münasibətlər sistemində bu qurumun aktivləşməsi istiqamətində xeyli iş həyata keçirib. Qoşulmama Hərəkatı və Azərbaycanın qarşıya qoyduğu məqsədlər əsasən üst-üstə düşür, hazırkı dövrdə Azərbaycan və Qoşulmama Hərəkatı arasında əlverişli sinerji yaradır. Azərbaycan 2019-2022-ci illər (daha sonra 2023-cü ilə qədər uzadılaraq) üçün Qoşulmama Hərəkatının sədri olub. Təəssüf ki, bu dövrdə dünya COVID-19 qlobal pandemiyası və bütün dünyada davam edən münaqişələr ilə üzləşib. Bu müddət ərzində Azərbaycan hərəkatda liderlik nümayiş etdirə və ümumi problemlərin həlli istiqamətində səylər göstərə bilib.
Sənədin “Beynəlxalq əlaqələrdə Azərbaycanın hərbi bloklara qoşulmamasına dair perspektivlər” adlı birinci bölməsinin şöbə müdiri Vasif Hüseynov hazırlayıb. Burada dövlətlərin xarici siyasət strategiyaları iki realist yanaşma perspektivindən izah edilir: struktural realizm və neoklassik-realizm. “Azərbaycanın çoxşaxəli xarici siyasəti və Qoşulmama Hərəkatı” adlı ikinci bölmədə Azərbaycanın balanslaşdırılmış xarici siyasət seçimi və Qoşulmama Hərəkatı (QH) ilə əməkdaşlığı müzakirə olunur. Bu hissədə Mərkəzin İdarə Heyətinin üzvü Esmira Cəfərova Azərbaycanın balanslı xarici siyasətinin uğurlarından və bu kontekstdə beynəlxalq məsələlərdə bloka daxil olmayan siyasəti təşviq edən Qoşulmama Hərəkatı (QH) ilə konseptual oxşarlığını təhlil edir.
Hesabatın üçüncü bölməsi də Vasif Hüseynov tərəfindən yazılıb və həmin hissə “Azərbaycanın regionda rolu: Rusiya-Ukrayna müharibəsinin geosiyasi kontekstdə balanslaşdırma yolları” adlanır. Müəllif yazır ki, Azərbaycan rəhbərliyi münaqişə tərəfləri arasında atəşkəsə nail olmaq üçün fundamental əsas kimi beynəlxalq hüququn, xüsusilə də suverenlik və ərazi bütövlüyünün vacibliyini vurğulayaraq, ölkəmizin Ukraynaya dəstəyini bəyan edib. Növbəti “Ukrayna və Azərbaycan müharibələri: Oxşarlıqlar və fərqlər” adlı bölmə şöbə müdiri Cavid Vəliyev tərəfindən yazılıb. Baş məsləhətçi Şahmar Hacıyev tərəfindən yazılmış sonuncu hissə “Enerji ehtiyatları Azərbaycanın müstəqil xarici siyasətinin vacib hissəsi kimi” adlanır. Ş.Hacıyev bu bölmədə Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra neft-qaz strategiyasını təhlil edir.