AZƏRBAYCANIN DAŞKƏNDDƏKİ SƏFİRLİYİNDƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİ QEYD OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Özbəkistandakı səfirliyndə ümummilli lider Heydər Əliyevin 85 illiyi ilə əlaqədar mərasim keçirilmişdir.
Səfiri Namiq Abbasov və səfirliyin əməkdaşları ulu öndərin səfirliyin foyesindəki abidəsi önünə əklil quymuş, gül-çiçək dəstələri düzmüşlər.
Mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi, eləcə də ümummilli lider haqqında Bakıda nəfis şəkildə çap edilmiş kitablarla tanış olmuşlar.
Ulu öndərin ruhuna dualar oxunduqdan sonra N.Abbasov Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında məlumat vermişdir. Bildirmişdir ki, böyük siyasi xadim, fitri istedad sahibi olan Heydər Əliyev həm respublikamıza rəhbərliyinin və həm də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi məsul bir vəzifədə işləyərkən həmişə Azərbaycanın iqtisadi inkişafı ilə bağlı mühüm layihələrin həyata keçirilməsinə nail olmuşdur. Daim Azərbaycanın gələcək inkişafını düşünən ulu öndərin təşəbbüsü ilə azərbaycanlı gənclər İttifaqın ali məktəblərinə göndərilirdilər. Heydər Əliyev həm də müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur.
Soydaşlarımızdan Almaz Məcidova, İlham Abdullayev, Qəsəm Səfixanov və başqaları Heydər Əliyevin Vətənə məhəbbətindən, xalqımızın tərəqqisi yolundakı xidmətlərindən danışmışlar.
Sonra mərasim iştirakçıları “Böyük ömrün salnaməsi” sənədli filminə tamaşa etmişlər.