Azərbaycanın Gürcüstandakı səfirliyi soydaşlarımızı Qurban bayramı münasibətilə təbrik edib
Tbilisi, 1 avqust, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfirliyi bu ölkədəki soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, ehtiyacı olan ailələrə bayram sovqatı çatdırıb.
AZƏRTAC xəbər verir ki, səfirliyin təşəbbüsü və təşkilatçılığı, Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin dəstəyi ilə əvvəlcə Kvemo Kartli bölgəsində azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonundakı İmamzadə ziyarətgahında və rayonun Qızılhacılı kəndindəki məsciddə qurbanlar kəsilib. Ehsan süfrəsi açılıb, xüsusi qayğıya ehtiyacı olan ailələrə bayram sovqatları verilib.
Səfir Dursun Həsənov ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərək soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə təbrik edib. Azərbaycan-Gürcüstan dostluq münasibətlərindən danışan diplomat Prezident İlham Əliyevin ikitərəfli əlaqələrə və Gürcüstandakı soydaşlarımıza daim diqqət və qayğı göstərdiyini xüsusi vurğulayıb, dövlətimizin başçısının Qurban bayramı münasibətilə təbriklərini çatdırıb.
Marneuli bələdiyyəsi sədrinin müavini Mamuka Naveriani çıxışında Azərbaycan dövlətinə və səfirliyə minnətdarlıq edib. Bildirib ki, bu həmrəylik və mərhəmət bayramında Gürcüstanda yaşayan azərbaycanlılarla yanaşı, gürcülərə də bayram sovqatlarının verilməsi çox yaxşı haldır. Bu, Qurban bayramının müqəddəsliyini bir daha sübut edir.
Səfirlik Şidi Kartli bölgəsindəki soydaşlarımızı da diqqətdə saxlayıb. Bu bölgədə 300 il yaşı olan Xidiquri kəndindəki məsciddə qurban kəsilib, aztəminatlı, xüsusi qayğıya ehtiyacı olan ailələrə paylanılıb.
İctimaiyyətin nümayəndələri ilə keçirilən görüşlərdə səfir Dursun Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini çatdırıb. Xidiquri kəndinin Azərbaycan mədəniyyətinin yaşadılmasında və təbliğindəki rolunu xüsusi qeyd edən səfir deyib: “Ölkələrimiz arasındakı münasibətlər inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Əlaqələrimizin belə yüksək səviyyəyə çatmasında bu ölkədəki soydaşlarımızın böyük rolu olub”.
İctimaiyyətin nümayəndələri göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib, Azərbaycan Prezidentinin yürütdüyü siyasəti daim dəstəklədiklərini bildiriblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi