AZƏRBAYCANIN İLK ALİ TƏHSİL OCAĞININ 700 İLLİK TARİXƏ MALİK OLDUĞUNU SÜBUT EDƏN ƏSƏR
Bakı, 11 mart (AZƏRTAC). BDU tarix muzeyinin müdiri Sövdəyər Muradovun “Azərbaycanda 700 illik təhsil ocağı” kitabı Azərbaycan, ingilis, türk, rus, alman, yapon, fransız, ərəb və ivrit dillərində çapdan çıxmışdır.
Müəllif kitabda Rəşidəddin Fəzlullahın (1247-1318) Təbrizin şimal-şərqində, Rəb-e Rəşidi adlı şəhərcikdə açdığı və Şərqdə ilk universitet tipli təhsil ocağının tarixindən söz açır. Burada Rəb-e Rəşidinin fəaliyyəti, onun Yaxın və Orta Şərq ölkələri, o cümlədən Azərbaycan elm və mədəniyyətinin inkişafındakı rolu, Şərqdə ilk universitet tipli ali təhsil ocağı kimi böyük tarixi əhəmiyyəti tədqiq edilmişdir. Müəllif müəyyən etmişdir ki, həmin təhsil ocağında dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş 450-dən çox müəllim çalışmış, 7 min tələbə təhsil almışdır. Yüksək ixtisaslı kadrlar hazırlamaq məqsədilə darülfünuna Çin, Hindistan, Misir və Suriyadan 50 görkəmli alim və mütəxəssis dəvət edilmişdi. Tələbələrdən 1000 nəfəri azərbaycanlı (yerli), qalanları isə müxtəlif şərq ölkələrindən idi. Təhsil pulsuz idi və təbiətşünaslıq, fəlsəfə, tarix, nücum, məntiq, ilahiyyat fənləri də tədris edilirdi. Rəşidəddin Fəzlullah xaricdən dəvət etdiyi alimlərə yüksək məvacib vermiş, onları evlə təmin etmişdi. O, qulamlarının ali təhsil alması qayğısına qalmışdır. Onlardan 5 nəfəri ali tibb təhsili almağa göndərilmişdi.
S.Muradov gərgin elmi axtarış nəticəsində Təbriz Univeristetinin-Azərbaycanın ilk ali təhsil ocağının 700 illik tarixə malik olduğunu sübuta yetirmişdir.
“Çaşıoğlu” nəşriyyatında çap olunmuş bu sanballı tədqiqat əsərinin elmi redaktoru akademik Teymur Bünyadov, baş elmi məsləhətçisi mərhum tarix elmləri doktoru Seyidağa Onullahidir. Kitaba Azərbaycanın görkəmli elm xadimləri rəy vermişlər.
######
