AZƏRBAYCANIN İŞ ADAMLARI İSPANİYALI HƏMKARLARI İLƏ ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİNİ GENİŞLƏNDİRİRLƏR
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, aprelin 6-dan 11-dək İspaniyanın Barselona şəhərində Azərbaycan və İspaniya iş adamlarının biznes forumu keçirilmişdir.
ASK və Barselona İşəgötürənlər Təşkilatının birgə təşkil etdiyi tədbirdə idxal-ixrac, kənd təsərrüfatı, maşınqayırma, neft emalı, tikinti, tibb, ət və ət məhsullarının istehsalı, sığorta və digər sahələrdə fəaliyyət göstərən 15 Azərbaycan şirkətini təmsil edən nümayəndə heyəti iştirak etmişdir.
Forumun məqsədi iş adamlarının ikitərəfli görüşlərini təşkil etmək, əməkdaşlıq imkanlarını araşdırmaq, qarşılıqlı iqtisadi əlaqələr yaratmaq, Azərbaycana xarici investisiyaların cəlb edilməsinə yardım etmək olmuşdur. Forumda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 30-a yaxın ispan şirkətinin nümayəndələri iştirak etmişdir.
Forum çərçivəsində ispan şirkətlərində işgüzar görüşlər təşkil olunmuşdur. Azərbaycanda ət və ət məhsullarının istehsalı və satışı ilə məşğul olan ”ELBA 999” şirkətinin rəhbəri İspaniyanın delikates, kolbasa, ət və ət məhsullarının istehsalı və emalı ilə bağlı avadanlıqların istehsalı ilə məşğul olan “MetalKimya” şirkətində, tikinti sektorunda fəaliyyət göstərən “Azericonstruction” şirkətinin rəhbəri daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan “A. Gaya” S.A. şirkətində, tibb sektorunda fəaliyyət göstərən “HB Co. Ltd” şirkətinin rəhbəri dərman preparatlarının istehsalı ilə məşğul olan “Serratamies” və “Korhispana” şirkətlərində işgüzar görüşlərdə olmuş, əməkdaşlıq imkanlarını müzakirə etmişlər.
ASK ilə Barselona İşəgötürənlər Təşkilatı arasında Əməkdaşlıq Sazişi imzalanmışdır.
Sazişdə hər iki ölkənin iş adamlarının qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə yardım göstərilməsi, görüşlərin, təcrübə mübadiləsinin, maarifləndirici tədbirlərin keçirilməsi, məhsulların və xidmətlərin təqdimatı və sərgilərin təşkil olunması, birgə müəssisələrin yaradılması və digər məsələlər əksini tapmışdır.