AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI ƏLİYAR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ RESPUBLİKA TURNİRİ KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 3-də Bakı İdman Sarayında Azərbaycanın Milli Qəhrəmanı, SSRİ idman ustası, əməkdar məşqçi, mayor Əliyar Əliyevin xatirəsinə həsr olunmuş gənclər arasında yunan-Roma güləşi üzrə ənənəvi respublika turnirinin açılış mərasimi keçirilmişdir.
Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş komandirin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edənlər tabur komandiri Əliyar Əliyevin idmançı, məşqçi, pəhləvan, döyüşçü kimi daim yaddaşlarda qalan mənalı ömür yolu haqqında geniş danışmışlar. Vurğulanmışdır ki, Ə.Əliyev dəfələrlə klassik güləş üzrə respublika, keçmiş SSRİ çempionu adına layiq görülmüş, beynəlxalq turnirlərin qalibi olmuş, mötəbər yarışlara hakimlik etmiş, idmansevərlər arasında baş hakim kimi böyük hörmət qazanmışdır. Onun yetirmələri arasında 8 nəfər SSRİ və respublika çempionu, 1 olimpiya yığma komandasının üzvü, 1 dünya çempionu, 10-dan çox idman ustası, beynəlxalq turnirlərin qalibləri vardır.
Bildirilmişdir ki, doğma torpaqlarımızın ermənilər tərəfindən işğalına dözməyən Əliyar Əliyev müharibənin ən qaynar nöqtələrində fədakarcasına döyüşmüşdür. O, bir qrup döyüşçü ilə işğal altında olan Laçın rayonunun 30-dan çox mövqeyini ermənilərdən təmizləmiş, 1992-ci il oktyabrın 3-də Laçın şəhərinə çatmağa az qalmış “Qanlı zəmi” adlanan ərazidə düşmən gülləsinə tuş gələrək şəhid olmuşdur.
Azərbaycanın Dövlət himni səsləndikdən sonra təntənəli marş sədaları altında turnirin startı verilmişdir.
Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Güləş Federasiyası, “Məhsul” Kənd Könüllü İdman Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən xatirə turnirində respublikamızın 20-dən çox şəhər və rayonunu təmsil edən 110-dək güləşçi qüvvəsini sınayır.
Turnirin ilk günündə döşək üzərinə çəkisi 50, 60, 74 və 96 kiloqram olan pəhləvanlar çıxmışlar.
İki gün davam edəcək turnirin qalibləri ölkəmizin idman şərəfini beynəlxalq yarışlarda qorumaqla yanaşı, gənclərdən ibarət yığma komandaya da cəlb ediləcəklər.
######
![]() |
![]() |

