AZƏRBAYCANIN POLŞADAKI SƏFİRLİYİ RESPUBLİKA GÜNÜ MÜNASİBƏTİLƏ QƏBUL TƏŞKİL ETMİŞDİR
Azərbaycanın Polşadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, səfirlik Varşavadakı “Hyatt Regency” hotelində ölkəmizin milli bayramı - Respublika günü münasibətilə qəbul təşkil etmişdir.
Qəbulda Polşada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ölkənin ictimai-siyasi xadimləri, KİV-lərin təmsilçiləri, çoxsaylı qonaqlar iştirak etmişlər.
Səfir Vilayət Quliyev Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) fəaliyyətinə dair qonaqlara ətraflı məlumat vermişdir. AXC-nin müsəlman Şərqində ilk demokratik respublika tipli dövlət olduğunu bildirən V.Quliyev, mövcudluğunun ilk günlərindən onun dünyəvi dəyərlərə və demokratik prinsiplərə sadiq qaldığını vurğulamışdır. Hazırda müstəqilliyinin 90-cı ildönümünü qeyd edən Azərbaycanın demokratik dövlət quruculuğu, Avropa təsisatlarına inteqrasiya istiqamətində mühüm addımlar atdığını bildirən səfir ölkəmizin Ermənistanın hərbi təcavüzü ilə üzləşdiyini də xatırlatmış, 1 milyondan çox vətəndaşımızın öz torpaqlarını tərk etmək məcburiyyətində qaldığını diqqətə çatdırmışdır. O, həmçinin, son illərdə Azərbaycanın beynəlxalq miqyasda qazandığı uğurlar, ölkəmizin regionun lider dövlətinə çevrilməsi haqqında geniş məlumat vermişdir.
Tədbirdə tanınmış Polşa publisisti V.Mihalovskinin “Heydər Əliyev haqqında söz” kitabı da təqdim edilmişdir. Bir neçə dəfə ölkəmizdə olmuş müəllif kitabında Heydər Əliyevin bir şəxsiyyət, böyük siyasətçi və dövlət xadimi, millətin lideri və onun ən dəyərli xüsusiyyətlərinin daşıyıcısı kimi geniş və hərtərəfli portretini yaratmışdır. Kitab iştirakçıların böyük marağına səbəb olmuşdur.
Qəbulda Azərbaycana həsr olunmuş sənədli filmlər də nümayiş etdirilmişdir.