İDMAN
Azərbaycanın qadın voleybolçuları italiyalı rəqiblərini 3:1 hesabı ilə məğlub ediblər
Bakı, 17 iyun, AZƏRTAC
İyunun 17-də birinci Avropa Oyunlarının voleybol yarışında qadın idmançılar mübarizəni davam etdiriblər.
AZƏRTAC xəbər verir ki, günün ən maraqlı qarşılaşması “A” qrupunda çıxış edən Azərbaycan və İtaliya voleybolçuları arasında oynanılıb. Olduqca gərgin keçən oyunun ilk setində idmançılarımız 25:22 hesabı ilə qalib gəliblər. İkinci set də Azərbaycan voleybolçularının qələbəsi ilə başa çatıb - 25:20. Üçüncü setdə Azərbaycan voleybolçularına ciddi müqavimət göstərən İtaliya komandası nəticəni öz xeyrinə dəyişə bilib - 22:25. Qarşılaşmada gərgin keçən dördüncü setdə daha inamlı oyun nümayiş etdirən Azərbaycan milli komandası qalib gəlib - 25:22. Beləliklə, Azərbaycan voleybol komandası İtaliya yığmasını ümumi hesabda 3:1 məğlub edib.
Günün digər qarşılaşmalarında “A” qrupunda Türkiyə voleybolçuları Belçika yığmasını 3:0 (25:16, 25:15 və 25:18), Polşa millisi isə eyni hesabda Rumıniya komandasını məğlub edib (25:23, 25:15 və 25:17).
“B” qrupunda isə Almaniya Niderlandı (25:13, 25:23 və 25:22), Serbiya Bolqarıstanı (27:25, 25:12 və 25:18), Rusiya isə Xorvatiyanı (25:22, 25:19 və 26:24) 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.