AZƏRBAYCANIN SƏFİRİ ƏFQANISTANDA SƏFƏRDƏ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Pakistandakı və Əfqanıstandakı səfiri Eynulla Mədətli mayın 7-də Kabulda Əfqanıstanın xarici işlər naziri Rəngin Dadfər Spanta ilə görüşmüşdür.
Səfirlikdən bildirmişlər ki, Azərbaycanın Əfqanıstanda diplomatik nümayəndəliyinin təsis edilməsi barədə Xarici İşlər Nazirliyinin məktubunu çatdıran səfir E.Mədətli səfirliyin müşaviri İbrahim Qafarovu Kabul şəhərində yerləşməklə ölkəmizi təmsil edəcək müvəqqəti işlər vəkili kimi nazirə təqdim etmişdir.
Əfqanıstanın xarici işlər naziri R.D.Spanta ölkələrimiz arasında tarixi və mədəni əlaqələrin mövcud olduğunu qeyd edərək, Azərbaycanın Əfqanıstanda diplomatik nümayəndəsinin fəaliyyətə başlamasını yüksək qiymətləndirmiş, nümayəndəliyə lazım olan hərtərəfli yardımın göstəriləcəyini bəyan etmişdir. Nazir İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsində iqtisadi, siyasi və mədəni əməkdaşlığımızın bundan sonra daha intensiv inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir.
Səfir E.Mədətli ölkə rəhbərliyinin Əfqanıstan ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edərək Beynəlxalq Sülhə Yardım Qüvvələrinin (İSAF) tərkibində Azərbaycan əsgərlərinin də olduğunu, bu yaxınlarda isə onların sayının iki dəfə artırıldığını, dövlətimizin Əfqanıstana maddi yardım göstərdiyini, bir neçə Azərbaycan şirkətinin dost ölkənin iqtisadiyyatına sərmayə yatırdığını bildirmişdir.
E.Mədətli BMT Baş Məclisində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə əlaqədar qətnamənin qəbulu zamanı ölkəmizin mövqeyini fəal dəstəklədiyinə görə Azərbaycan hökuməti adından Əfqanıstan tərəfinə minnətdarlıq etmiş, bu dəstəyin ölkəmiz üçün önəmli olduğunu vurğulamışdır.
Əfqanıstanın xarici işlər naziri R.D.Spanta ölkəsinə göstərilən qardaşlıq dəstəyinə və köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirmiş, uzun illər boyu məhrumiyyətlərlə üzləşən, xarici işğala məruz qalan və vətəndaş müharibəsinə sürüklənən əfqan xalqına dost köməyinin heç vaxt unudulmayacağını, ərazi bütövlüyü uğrunda Azərbaycanın haqq və ədalətli mübarizəsinin ölkəsinin siyasi rəhbərliyi tərəfindən bundan sonra da dəstəklənəcəyini qeyd etmişdir.
Nazir R.D.Spanta azərbaycanlı həmkarı E.Məmmədyarova salamlarını yetirmiş və onu Kabula rəsmi səfərə dəvət etmişdir. Səfir E.Mədətli Azərbaycanın xarici işlər naziri adından R.D.Spantanı ölkəmizə rəsmi səfərə dəvət etmiş, səmimi qəbula görə minnətdarlığını bildirmişdir.
Görüşdə Əfqanıstan Xarici İşlər Nazirliyinin 3-cü Siyasi Departamentinin direktoru M.Fazel Seyfi, İnformasiya İdarəsinin rəisi və mətbuat katibi Sultan Əhməd Baheen iştirak etmişlər.
Azərbaycanın səfiri Əfqanıstan Xarici İşlər Nazirliyinin digər rəsmi şəxsləri ilə də görüşmüş, qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında müzakirələr aparmışdır.
Həmin gün Azərbaycan səfiri Kabul şəhəri yaxınlığında Beynəlxalq Sülhə Yardım Qüvvələri tərkibində hərbi xidmətdə olan əsgərlərimizlə görüşmüşdür. Hərbi hissənin komandanlığı Azərbaycan əsgərlərinin hərbi hazırlığından razı qaldıqlarını bildirərək, onların qarşıya qoyulan vəzifələri dəqiqliklə yerinə yetirdiklərini qeyd etmişlər.
Əsgərlərimizin xidmət və yaşayış şəraiti ilə maraqlanan səfir Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi barədə onlara məlumat vermiş, ölkəmizin siyasi nüfuzunun durmadan artdığını bildirmişdir. Əfqanıstanda sülhməramlı qüvvələrin tərkibində hərbçilərimizin də olmasını ölkəmizin siyasi nüfuzunun göstəricisi kimi qeyd edən səfir, əsgərlərimizə qarşıya qoyulmuş vəzifələri məsuliyyətlə yerinə yetirmələrini tövsiyə etmişdir.
Əsgərlərimizlə görüşün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinə təsadüf etdiyini xatırladan səfir, ulu öndərin keçdiyi həyat yolundan danışmış, dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən kitabları hərbi hissədə təşkil olunmuş Heydər Əliyev guşəsinə hədiyyə etmişdir.
######
