AZƏRBAYCANIN TACİKİSTANDAKI SƏFİRLİYİNDƏ RESPUBLİKA GÜNÜ İLƏ ƏLAQƏDAR MƏRASİM KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Tacikistandakı səfirliyi Düşənbədəki “Rahat” restoranında Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi və Respublika günü münasibətilə bayram tədbiri keçirmişdir.
Tədbirdə Tacikistanın xarici işlər naziri Həmrohon Zərifi, hökumət üzvləri, ictimai təşkilatların nümayəndələri, səfirlər və beynəlxalq nümayəndəliklərin rəhbərləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər.
Azərbaycanın Tacikistandakı səfiri Məhərrəm Əliyev tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmiş, 90 il əvvəl müsəlman Şərqində qurulmuş ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Cümhuriyyətinin tarixi haqqında məlumat vermişdir. Səfir Azərbaycan Respublikasının müstəqilliyini yenidən bərpa etdikdən sonra əldə olunmuş uğurlar, Azərbaycanda dövlət qurulucuğu sahəsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri və onun yaratdığı dövlətçilik məktəbinin etibarlı davamçısı Prezident İlham Əliyevin yeritdiyi daxili və xarici siyasət, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün aparılan iqtisadi islahatlar haqqında geniş söhbət açmışdır.
Tacikistanın xarici işlər naziri Həmrohon Zərifi milli bayram - Respublika günü münasibətilə Azərbaycan xalqını təbrik etmiş, ölkələrimiz arasında diplomatik münasibətlər yaradılmasının 16-cı ildönümünün tamam olduğunu xüsusi vurğulamış, əlaqələrin dərinləşdirilməsindən danışmışdır.
Sonra Tacikistanda yaşayan soydaşımız Rüstəm İsayev Azərbaycan və tacik mahnılarını ifa etmişdir. Tədbir iştirakçılarına ziyafət verilmişdir.
Respublika günü münasibətilə səfirlik əməkdaşlarının hazırladıqları məlumatlar toplusu Tacikistanın Xarici İşlər Nazirliyinə, səfirlik və beynəlxalq təşkilatların rəhbərlərinə, kütləvi informasiya vasitələrinə göndərilmişdir.
Ölkənin aparıcı qəzetləri və televiziya kanalları bu münasibətlə geniş materiallar vermişlər.